CƏMİYYƏT
Fövqəladə Hallar Nazirliyi növbəti şərti yanğın təlimi keçirib VİDEO






Bakı, 6 mart, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində, Yavər Əliyev küçəsi 2595-ci məhəllə ünvanında yerləşən “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə məxsus “Uğur-2” çoxmərtəbəli yaşayış kompleksində təlim keçirib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təlim “şərti yanğın” həyəcan siqnalı ilə yanğın texnikalarının yaşayış binasına, həmçinin su hovuzuna yaxınlaşa bilməsi və ümumilikdə ərazidəki yanğına qarşı əməliyyat şəraitinin qiymətləndirilməsi məqsədilə təşkil olunub.
Təlim zamanı şəxsi nəqliyyat vasitələrinin nizamsız park edilməsi və süni maneə səbəbindən yanğın avtomobillərinin yaşayış binasına və istismara yararlı yanğına qarşı su hovuzuna sərbəst şəkildə yaxınlaşa bilmədiyi müəyyənləşdirilib. Bundan əlavə, qəza-işıqlandırma sisteminin olmadığı, binanın ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilmədiyi, elektrik təsərrüfatının “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə cavab vermədiyi və yanğın xəbərverici siqnalizasiya qurğusunun tam sahəyə quraşdırılmadığı məlum olub.
Həmin nöqsanların aradan qaldırılması barədə binanın yanğın təhlükəsizliyinə məsul şəxslərinə şifahi və yazılı “tapşırıqlar” verilib, eyni zamanda, yaşayış binasının sakinləri ilə yanğın təhlükəsizliyinin təmin olunması barədə maarifləndirici söhbətlər aparılıb. Nəzərə çatdırılıb ki, yanğın və digər fövqəladə hadisələr zamanı xilasetmə və yanğınsöndürmə avtomobillərinin, digər iriqabaritli xüsusi təyinatlı texnikaların binaların həyətinə maneəsiz daxil olması, çevik şəkildə döyüş vəziyyətinə gətirilməsi və əməliyyatların effektli keçirilməsi, habelə su hovuzları və hidrantlardan rahat istifadə üçün avtomobillər yalnız təyin olunmuş yerlərdə, bir-biri ilə ara məsafəsi gözləməklə, digər avtomobillərin sərbəst keçid imkanı təmin olunmaqla park edilməlidir.