FHN “Port Baku Tower 2” biznes mərkəzində yanğın-taktiki təlim keçirib VİDEO








Bakı, 2 sentyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti paytaxtın Nəsimi rayonunun Neftçilər prospekti, 153 ünvanındakı “Port Baku Tower 2” biznes mərkəzində “İnzibati binalarda baş vermiş yanğınların söndürülməsi və insanların təxliyəsinin düzgün təşkili” mövzusunda yanğın-taktiki təlim keçirib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, təlimin keçirilməsində əsas məqsəd şəhər ərazisində yerləşən inzibati binalarda yanğın baş verdikdə əraziyə cəlb olunan yanğın-xilasetmə qüvvələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsidir. Eyni zamanda, belə obyektlərdə mümkün yanğınların söndürülməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsindən ibarət olub.
Təlim zamanı baş vermiş şərti yanğın yerinə operativ çatan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin ərazi yanğından mühafizə bölmələri işçilərin “təhlükəli ərazidən” təxliyəsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatını yerinə yetiriblər.
Uğurla icra olunan təlimdən sonra yanğından mühafizə bölmələrinin fəaliyyəti müzakirə olunub, müvafiq tapşırıqlar verilib.