2030-cu ilədək pestisidlərdən istifadənin hazırkı həcminin üçdə iki nisbətində azaldılması nəzərdə tutulub VİDEO
Bakı, 18 sentyabr, AZƏRTAC
Müasir dünyanın aktual məsələlərindən biri aclığa və yoxsulluğa son qoymaqdır. Bu isə yalnız inkişaf etmiş müasir kənd təsərrüfatı yanaşmaları ilə mümkün ola bilər.
Davamlı üzvi çirkləndiricilər isə ətraf mühit və insan sağlamlığı üçün kimyəvi çirkləndiricilər kimi bütün dünyada ciddi problemlər yaradır.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “Pestisidlərin həyat dövriyyəsinin idarə edilməsi” mövzusunda regional seminarda çıxışı zamanı deyib.
Ətraf mühitin çirkləndiriciləri arasında pestisidlərin xüsusi yer tutduğunu bildirən Q.Təhməzli biomüxtəlifliyin mühafizəsi və planetin müxtəlif təbii fəlakətlərdən qorunması üçün BMT-nin İşçi Qrupu tərəfindən hazırlanmış layihədə 2030-cu ilədək dünya üzrə kənd təsərrüfatı sahəsində pestisidlərdən istifadənin hazırkı həcminin üçdə iki nisbətində azaldılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb. Həmçinin Avropa Komissiyasının tarladan süfrəyə strategiyasında pestisidlərdən istifadəni və bununla bağlı riskləri minimuma endirmək üçün Avropa İttifaqı səviyyəsində konkret hədəflər müəyyənləşdirilib.