CƏMİYYƏT
Tsuy Lin: Azərbaycanın ailə, qadın və uşaq problemlərinin həlli sahəsində gördüyü işlər təqdirəlayiqdir VİDEO
Bakı, 18 sentyabr, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova sentyabrın 18-də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) nümayəndə heyətinin üzvləri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə komitə sədri Azərbaycanda qadınların dövlət idarəçiliyində təmsilçiliyinə böyük önəm göstərildiyini, onların dövlət və cəmiyyət həyatına verdikləri töhfələrin çox yüksək dəyərləndirildiyini bildirib. O, Birinci vitse-prezident Mehriban Əliyevanın bu sahəyə çox böyük diqqət yetirdiyini bildirərək əlavə edib ki, qadınların yüksək vəzifələrdə təmsil olunması onların dövlət və ictimai həyatda iştirakçılığının artırılmasına şərait yaradır.
Bahar Muradova, həmçinin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vaxtilə ölkədə qadın və uşaq məsələləri ilə bağlı həyata keçirdiyi islahatlardan danışıb, bu sahədə təşkil edilən forumların əhəmiyyətinə diqqət çəkib. Bu istiqamətdə dövlət siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan komitə sədri bu ilin oktyabrında Azərbaycan Qadınlarının 6-cı Forumunun keçiriləcəyini diqqətə çatdırıb.
Şanxay Əməkdaşlıq Təşkilatının Yaxın Qonşuluq, Dostluq və Əməkdaşlıq Komitəsinin sədr müavini xanım Tsuy Lin Çin ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlərdən danışaraq ŞƏT çərçivəsində dialoqun bu münasibətlərin inkişafına güclü təkan verdiyini deyib. Azərbaycanı regionda güclü ölkə hesab edən qonaq təşkilata üzv digər dövlətlərin də Azərbaycanla sıx əməkdaşlıq əlaqələrinin olduğunu vurğulayıb.
O deyib ki, səfərin məqsədi əlaqələri daha da inkişaf etdirmək, qadın və uşaq problemlərinin həlli ilə bağlı əməkdaşlıq çərçivəsini genişləndirməkdir.
Xanım Lin Azərbaycan hökuməti tərəfindən bu sahədə görülən işlərin təqdirəlayiq olduğunu bildirib. Qeyd edilib ki, ailə, qadın və uşaq problemlərinin həlli üçün ŞƏT çərçivəsində əməkdaşlığın genişləndirilməsi üçün kifayət qədər böyük perspektiv var.
Söhbət zamanı, həmçinin ŞƏT-ə üzv ölkələrlə Azərbaycan arasında sözügedən sahədə əməkdaşlığın istiqamətləri və birgə layihələr, qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Hazırda ŞƏT-in 9 üzvü, 3 müşahidəçi üzvü və 9 dialoq tərəfdaşı var. ŞƏT-in iki daimi orqanı - Pekində yerləşən Katibliyi və Daşkənddə yerləşən Terrorizmə qarşı Regional Strukturu mövcuddur.
Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir. 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib.