MƏDƏNİYYƏT
“İlin gənc kinematoqrafı” milli mükafatı təqdim edilmişdir
Bakı, 3 avqust (AZƏRTAC). Avqustun 3-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “İlin gənc kinematoqrafı” milli mükafatı sahiblərinə təqdim edilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir Gənclər və İdman Nazirliyi, “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzi və Bakı Film İnstitutunun dəstəyi ilə reallaşmışdır.
Mükafatın təqdim edilməsi mərasimindən əvvəl Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Yusif Şeyxov, “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzinin rəhbəri Fehruz Şamıyev və başqaları müsabiqənin əhəmiyyətindən danışmışlar.
Bildirilmişdir ki, tədbirin məqsədi peşəkar və həvəskar gənc rejissorların filmlərini üzə çıxarmaq, gənc rejissorların peşəkar kino xadimləri ilə ünsiyyətinə nail olmaq, eləcə də ən yaxşılarını müəyyənləşdirməklə gənclərdə özünəinamı artırmaq, onları gələcək yaradıcılığa həvəsləndirməkdir.
Milli mükafatın qalibləri 2012-2013-cu illərdə istehsal olunmuş qısametrajlı bədii, sənədli və animasiya filmlərinin müsabiqəsinin nəticəsinə əsasən müəyyən edilmişlər.
Müsabiqəyə gənclər tərəfindən 26 bədii, 10 sənədli, 4 animasiya filmi göndərilmişdir. Seçim komitəsi peşəkar kino xadimlərindən ibarət münsiflər heyətinin diqqətinə 15 film təqdim etmişdir. Ən yaxşılar məhz həmin 15 filmin arasından seçilmişdir.
Mükafatlandırma mərasimindən əvvəl, həmçinin Bakı Film İnstitutunun məzunlarına sertifikatlar təqdim edilmiş və onlara yaradıcılıq uğurları arzulanmışdır.
Sonra mükafatlandırma mərasimi başlanmışdır. “İlin gənc kinematoqrafı” milli mükafatı 9 nominasiya üzrə seçilmişdir. “Ən yaxşı bədii film” nominasiyasında rejissor Fariz Əhmədovun “Mayak”, “Ən yaxşı sənədli film” üzrə rejissor Seyran Mahmudoğlunun “Neft adamı”, “Ən yaxşı animasiya filmi” üzrə rejissor İlkin Yusifin “13” filmləri “İlin gənc kinematoqrafı” mükafatına layiq görülmüşdür.
Emin Əfəndiyev (“Yuva”) “Ən yaxşı gənc rejissor”, Elnur Əliyev (“Alınmaz qalanın qəhrəmanları”) “Ən yaxşı gənc prodüser”, Möhsün Quliyev (“Piyada”) “Ən yaxşı gənc ssenarist”, Rauf Qurbanəliyev (“Paradoks”) “Ən yaxşı gənc operator”, Firudin Allahverdiyev (“Yuva”) “Ən yaxşı film musiqi müəllifi” nominasiyalarında mükafatlandırılmışlar. “Səssiz opera” filminə görə Rza Əsgərova müsabiqənin “Xüsusi mükafatı” təqdim edilmişdir.
Mərasim “Çanta Trio” və “İnci” ansambllarının maraqlı əyləncə və musiqi nömrələri ilə müşayiət edilmişdir.