BDU-da IV respublika olimpiadası: tələbələr 5 fənn üzrə biliklərini sınayıblar
Bakı, 25 may, AZƏRTAC
Mayın 25-də Bakı Dövlət Universitetində (BDU) ali məktəb tələbələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş fizika, riyaziyyat, kimya, biologiya və coğrafiya fənləri üzrə IV respublika olimpiadası keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. BDU-nun təşkilatçılığı ilə keçirilən olimpiadanın məqsədi Azərbaycanda bu elmlər üzrə ixtisaslı mütəxəssislərin hazırlanmasının keyfiyyətini daha da yüksəltmək, istedadlı tələbələri aşkar etmək və dəstəkləmək, onları elmi-tədqiqat fəaliyyətinə cəlb etmək, habelə tələbələr arasında elmi bilikləri təbliğ etmək olub. Olimpiadada BDU ilə yanaşı, ADA Universiteti, Qarabağ Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Ali Neft Məktəbi və Bakı Mühəndislik Universitetindən ümumilikdə fizika fənni üzrə 50, riyaziyyat fənni üzrə 49, kimya fənni üzrə 52, biologiya fənni üzrə 56, coğrafiya fənni üzrə 55 tələbə iştirak edib.
İştirakçılara verilən suallar peşəkar müəllimlər tərəfindən hazırlanıb və çətinlik səviyyəsinə görə olimpiadaların tələblərinə uyğun olub. Sualları cavablandırmaq üçün iştirakçılara 3 saat vaxt verilib. Proses başa çatdıqdan sonra cavablar müxtəlif ali təhsil müəssisələrinin nümayəndələrindən ibarət münsiflər heyətinə təqdim edilib.