“Caz ruhunda Balabanın səsi” Romada
Bakı, 25 may, AZƏRTAC
İtaliyanın paytaxtı Romada keçirilən ənənəvi Muzeylər Gecəsi (Notte dei Musei 2026) çərçivəsində yenidən Azərbaycan musiqisi təqdim olunub.
Bu barədə AZƏRTAC-a Azərbaycanın İtaliyadakı səfirliyindən məlumat verilib.
Azərbaycanın İtaliyadakı səfirliyi və onun tabeliyində fəaliyyət göstərən Mədəniyyət Mərkəzinin dəstəyi ilə Roma şəhərindəki Kapitolini Muzeylərinin Protomoteka zalında “Caz ruhunda Balabanın səsi” adlı konsert proqramı təşkil edilib.
Səfir Rəşad Aslanov çıxış edərək Azərbaycanın artıq dördüncü ildir ki, bu təşəbbüsə qoşulduğunu, balabanın qədim Azərbaycan musiqi aləti kimi milli musiqi irsimizdə özünəməxsus yer tutduğunu və konsert proqramının öz unikallığı ilə qonaqların zövqünü oxşayacağına əminliyini bildirib.
Mədəniyyət Mərkəzinin direktor müavini Gülnar Tağızadə konsertin Roma Bələdiyyəsinin və “Zetema” Mədəniyyət Layihəsinin təşəbbüsü ilə Muzeylər Gecəsi çərçivəsində təşkil edildiyini söyləyib, onlara bu yaratdığı şəraitə görə minnətdarlığını bildirib və musiqiçiləri təqdim edib.
“Caz ruhunda Balabanın səsi” adlı ikihissəli proqramda tanınmış musiqiçilər – Ələfsar Rəhimov (balaban), Nicat Paşazadə (bas gitara), Nicat Aslanov (piano), Həsən Bilalov (zərb) və Əli İbrahim-zadə (elektro-gitara) çıxış edərək milli musiqimizin ənənəvi və müasir çalarlarını bir araya gətirib fərqli parçalar ifadə ediblər. Konsert proqramı qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd etmək lazımdır ki, Romada 16-cı dəfə təşkil olunan bu tədbirlər silsiləsinin məqsədi incəsənət və mədəniyyəti birləşdirərək şəhər sakinləri üçün mədəni irsin fərqli şəkildə təbliğini təmin etməkdir.