AQTA: Gülçülük məhsullarının beynəlxalq bazarlara çıxarılması üçün fitosanitar tələblərə uyğunluq təmin edilməlidir
Bakı, 25 may, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən gülçülük və dekorativ bitkiçilik sahəsində fəaliyyət göstərən istehsalçılar və ixracatçılarla görüş keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə sahənin mövcud vəziyyəti, ixrac potensialının artırılması, beynəlxalq bazarlara çıxış imkanları və fitosanitar təhlükəsizlik məsələləri müzakirə olunub.
Bildirilib ki, məhsulların beynəlxalq bazarlara təhlükəsiz və rəqabətqabiliyyətli formada çıxarılması üçün fitosanitar tələblərə uyğunluğun təmin edilməsi əsas prioritetlərdən biridir.
Görüş çərçivəsində istehsal və ixrac prosesində rast gəlinən problemlər, idxalçı ölkələrin fitosanitar tələbləri, məhsulların sertifikatlaşdırılması, zərərvericilərə qarşı mübarizə tədbirləri ətrafında fikir mübadiləsi aparılıb. İştirakçılar sahənin inkişafı ilə bağlı təkliflər səsləndirib, mövcud çətinlikləri diqqətə çatdırıb və dövlət-özəl sektor əməkdaşlığının gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Görüşün yekununda agentlik tərəfindən sahibkarlarla görüşlərin davam etdiriləcəyi, ixrac potensialının artırılması və yerli məhsulların beynəlxalq bazarlarda mövqeyinin gücləndirilməsi sahəsində birgə fəaliyyətin davam etdiriləcəyi bildirilib.