Berlində 30-cu Mədəniyyətlər Karnavalı coşqu ilə qeyd olunur
Berlin, 25 may, AZƏRTAC
Berlin bu günlərdə daha bir rəngarəng beynəlxalq mədəniyyət tədbirinə ev sahibliyi edir.
AZƏRTAC xəbər verir ki, 30-cu Berlin Mədəniyyətlər Karnavalı ilə əlaqədar şəhərin mərkəzi küçələri yenidən rənglərə, musiqiyə və dünyanın müxtəlif xalqlarının ritmlərinə bürünüb. Almaniya paytaxtında keçirilən və artıq Avropanın ən böyük multikultural tədbirlərindən birinə çevrilən festival bu il də yüz minlərlə insanı bir araya gətirib. Təşkilatçıların məlumatına görə, təkcə ənənəvi paradı izləmək üçün küçələrə təxminən 700 mindən çox tamaşaçı toplaşıb. Ümumilikdə isə karnaval günlərində bir milyona yaxın ziyarətçinin iştirakı gözlənilir.
Qeyd edək ki, 1996-cı ildə irqçilik və ayrı-seçkiliyə qarşı həmrəylik mesajı kimi təsis olunan karnaval bu il 30 illik yubileyini qeyd edir. Dörd gün davam edən festival çərçivəsində açıq hava konsertləri, teatr tamaşaları, yaradıcı emalatxanalar, debatlar və müxtəlif ölkələrin milli mətbəxlərinin təqdimatı keçirilir. Şəhərin mərkəzi bu günlər ərzində fərqli dillərin, musiqilərin və rənglərin qovuşduğu nəhəng açıq səma festivalını xatırladır.
Karnavalın əsas hadisəsi sayılan ənənəvi parada bu il 67 beynəlxalq kollektiv və təxminən 6 minədək iştirakçı qatılıb. Afrika, Latın Amerikası, Asiya və Avropadan olan kollektivlər milli geyimlər, iri dekorativ platformalar, canlı orkestr və rəngarəng rəqs nömrələri ilə tamaşaçılara unudulmaz anlar yaşadıblar. Samba ritmləri, Karib melodiyaları, Afrika nağaralarının sədaları və Boliviya folklor rəqsləri festivalın ən gurultulu səhnələrinə çevrilib. Parad boyunca minlərlə insan musiqinin ritminə qoşularaq küçələri böyük karnaval meydanına çevirib.
Bu il keçirilən Uşaq Karnavalı da yubileyini qeyd edib. Rəngarəng kostyumlarla təşkil olunan yürüş və açıq hava proqramları xüsusilə ailələrin və balaca ziyarətçilərin böyük marağına səbəb olub.
Berlin Mədəniyyətlər Karnavalı bu il də təkcə əyləncə tədbiri deyil, həm də müxtəlif xalqların birgəyaşayışını və mədəni dialoqunu nümayiş etdirən böyük ictimai platforma kimi diqqət çəkib.