90 illik sənət məbədinin yubiley gecəsi: dünya klassiklərinin əsərləri səsləndirilib VİDEO
Bakı, 25 may, AZƏRTAC
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının yaradılmasının 90 illiyi münasibətilə mayın 25-də Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri konsert proqramı ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, orkestri Əməkdar artist, tanınmış dirijor Əyyub Quliyev idarə edib. Konsertdə, həmçinin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının xoru da iştirak edib. Xorun bədii rəhbəri və xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.
Tədbirdə çıxış edən Əyyub Quliyev rəhbərlik etdiyi kollektivin bu tarixi yubileyə xüsusi proqramla hazırlaşdığını bildirib. O, 90 illik yubileyini qeyd edən filarmoniyanın çoxəsrlik milli musiqi ənənələrimizin qorunub saxlanılması və dünya miqyasında təbliğindəki tarixi missiyasından bəhs edib. Əməkdar artist qeyd edib ki, bu sənət məbədi neçə-neçə görkəmli musiqiçinin, bəstəkar və ifaçının yetişməsində, eləcə də milli musiqi incilərimizin gələcək nəsillərə ötürülməsində mühüm platforma rolunu oynayıb.
Yubiley gecəsində dünya klassik musiqisinin inciləri səsləndirilib. Proqrama A.Vivaldinin "Olimpiada" operasına Uvertüra (Bakıda ilk ifa), J.Haydnın xor və orkestr üçün yazdığı “Messa B-dur”əsərindən "Gloria" bölməsi, Q.F.Handelin "Messiya" oratoriyasından "Hallelujah" və bir sıra dünya bəstəkarlarının əsərləri daxil edilib.
Qeyd edək ki, bu gün Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının yaradılmasının 90 illiyi tamam olur.