Azərbaycanın Müstəqillik Günü: Tbilisidən fotoreportaj
Tbilisi, 26 may, AZƏRTAC
28 May - Azərbaycanın Müstəqillik Günü Tbilisidə silsilə tədbirlərlə qeyd olunub.
Azərbaycanın Gürcüstandakı səfirliyinin, SOCAR-ın Gürcüstan nümayəndəliyinin, eləcə də bu ölkədə fəaliyyət göstərən Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) nümayəndələri, Azərbaycanın Əməkdar artisti Təyyar Bayramov və onu müşayiət edən şəxslər, eləcə də jurnalistlər 28 May - Müstəqillik Günü münasibətilə Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət ediblər.
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin büstü önünə əklil qoyulub, gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib.
Daha sonra Botanika bağında Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Fətəli xan Xoyski və Həsən bəy Ağayevin məzarlarının yerləşdiyi panteon ziyarət edilib, abidələri önünə gül dəstələri düzülüb.
Müstəqillik Günü ilə əlaqədar Tbilisidə rəsmi qəbul təşkil olunub.
Tədbirin keçirildiyi yerdə Tbilisidə fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzinin, Marneulidəki “Çay Evi”nin tələbələrinin əl işlərindən, eləcə də Azərbaycan şirkətlərinin məhsullarından ibarət sərgi açılıb.
AZƏRTAC-ın xüsusi müxbiri həmin tədbirlərdən fotoreportajı təqdim edir.