“Uzaq sahillərdə” sərgisi gənc rəssamların daxili dünyasını rənglərlə açır
Bakı, 25 may, AZƏRTAC
“D’ART Gallery” incəsənət məkanında gənc rəssamların əsərlərindən ibarət “Uzaq sahillərdə” adlı sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgidə 40-dan çox istedadlı gənc rəssamın fərqli üslub və texnikalarda işlənmiş əsərləri nümayiş olunub.
Layihənin rəhbəri, rəssam Zəhra Bağırlı olan bu ekspozisiyada rəssamlar kətan üzərinə köçürdükləri rənglərlə tənhalıq, həsrət, ümid və insanın özünə dönüşü kimi fəlsəfi mövzuları vizual dillə ifadə ediblər. Sərgidə uzaqlıq anlayışı sadəcə fiziki bir məsafə olaraq deyil, insanın öz daxili dünyasında keçirdiyi mənəvi səyahət, duyğular və xatirələr prizmasından bədii həllini tapıb.
Sərginin təşkil edilməsində əsas məqsəd gənc istedadların yaradıcılıq potensialını üzə çıxarmaq, onlara öz daxili dünyalarını geniş auditoriyaya nümayiş etdirmək üçün platforma yaratmaqdır.