CƏMİYYƏT
Abşeron rayonunda əvvəllər məhkum olunmuş şəxslərdə silah-sursat aşkarlanıb VİDEO

Bakı, 28 oktyabr, AZƏRTAC
Abşeron Rayon Polis İdarəsi və ərazi üzrə Qobu, Mehdiabad və Saray Polis Bölmələri hüquqpozmalara qarşı növbəti profilaktiki tədbirlər keçiriblər.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tədbirlərlə saxlanılan əvvəllər məhkum olunmuşlar - Qobu qəsəbə sakini 1988-ci il təvəllüdlü Tural Əliağayevdən bir “TT” markalı tapança, iki patron, bir patron darağı, 1984-cü il təvəllüdlü Ramil Kamilovdan bir “AK-74” markalı avtomat, 10 patron, 1 patron darağı, Məmmədli kənd sakini 1998-ci il təvəllüdlü Mustafa Qəhrəmanovdan 1 “Kalaşnikov” avtomatı, 7 patron, bir patron darağı, Saray qəsəbə sakini 1985-ci il təvəllüdlü Pərviz Hüseynovdan 1 “TT” markalı tapança, iki patron və 1 ədəd patron darağı aşkarlanaraq götürülüb.
Digər tədbirlərlə rayonda narkotiklə əlaqəli cinayətlərə görə 16, oğurluqlar və müxtəlif növ cinayət törətdiklərinə görə axtarışda olan 12, “isti izlərlə” cinayətin açılması üzrə 9 nəfər saxlanılıb.
Tədbirlər zamanı qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 41, xırda xuliqanlığa və xırda talamaya görə 49 fakt aşkarlanıb, mülki axtarışda olan 26 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Bununla yanaşı, Abşeron Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı yol hərəkəti qaydalarını pozan 92, spirtli içki qəbul edərək sükan arxasında əyləşən, avtoxuliqanlıq edən və nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi edən ümumilikdə 20, eləcə də dayanma-durma qaydalarını pozan 117 sürücü inzibati məsuliyyətə cəlb olunub.