MƏDƏNİYYƏT
IX Bakı Beynəlxalq Kitab Sərgisi: AZƏRTAC-ın hazırladığı “Heydər Əliyev Azərbaycandır!” ikihissəli sənədli filmi təqdim olunub VİDEO
AZƏRTAC Bakı Beynəlxalq Kitab Sərgisində ayrıca stendlə təmsil olunur
Bakı, 11 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və “Caspian Event Organisers” şirkətinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçirilən 9-cu Bakı Beynəlxalq Kitab Sərgisində Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ayrıca stendlə təmsil olunur.
Stenddə AZƏRTAC-ın çap məhsulları və nəşrləri, əməkdaşlarının vaxtilə istifadəsində olan avadanlıqlar, kitablar və s. təqdim olunur.
Sərgi çərçivəsində AZƏRTAC tərəfindən hazırlanan “Heydər Əliyev Azərbaycandır!” ikihissəli sənədli filminin təqdimatı keçirilib.
Məlumat verilib ki, ekran əsərində dahi şəxsiyyətin ictimai-siyasi fəaliyyətinin nəticəsi olaraq Azərbaycanın inkişafında mühüm rol oynamış 100 tarixi fakt təqdim edilir.
Filmin hazırlanması zamanı Azərbaycanın bir sıra regionlarında çəkilişlər aparılıb, böyük həcmdə tarixi məlumatlar toplanıb. Filmin baş prodüseri AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev, quruluşçu rejissorları Seyran Mahmudoğlu və Fariz Əhmədov, ssenari müəllifi Yunis Orucovdur.
Stenddə ziyarətçilərə, eyni zamanda, AZƏRTAC-ın fəaliyyəti, o cümlədən veb-saytının yeni dizaynı, yeni loqosu və Uşaq Bilik Portalı (portal.azertag.az) haqqında da geniş məlumat verilir.
Təqdimatda mədəniyyət naziri Adil Kərimli, ombudsman Səbinə Əliyeva, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Qətərin Azərbaycandakı səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab, Türkiyə Mədəniyyət Nazirliyinin nümayəndələri, Azərbaycan Milli Elmlər Akademiyanın (AMEA) prezidenti İsa Həbibbəyli, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Azərbaycan Respublikasının Xalq şairi Sabir Rüstəmxanlı, deputatlar və başqaları iştirak ediblər.
Ombudsman Səbinə Əliyeva qeyd edib ki, AZƏRTAC Azərbaycanın bir nömrəli media agentliyidir.
Filmlə bağlı fikirlərini bölüşən mədəniyyət naziri Adil Kərimli AZƏRTAC-ın fəaliyyətindən də danışıb. Nazir bildirib ki, AZƏRTAC ölkənin yeganə dövlət informasiya agentliyi kimi operativ işləyir və doğru, qərəzsiz xəbərlər çatdırır.
AMEA-nın prezidenti İsa Həbibbəyli Akademiya ilə AZƏRTAC-ın yaxşı tərəfdaşlıq münasibətlərinin olduğunu söyləyib. O, AZƏRTAC-ın AMEA-nın gördüyü işləri daim diqqətdə saxladığını bildirib.
Qonaqlara AZƏRTAC-ın xatirə hədiyyələri təqdim edilib.
Qeyd edək ki, AZƏRTAC noyabrın 15-dək davam edəcək sərginin media tərəfdaşıdır.