İmişlidə Araz sahilində xeyli sayda silah-sursat aşkarlanıb VİDEO
İmişli, 23 noyabr Aydın Yavərzadə, AZƏRTAC
İmişli Rayon Polis Şöbəsinə rayon ərazisində Araz çayı sahilində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, daxil olan məlumatla əlaqədar dərhal şöbə əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və ərazidən 23 ədəd daraq və 467 ədəd patron aşkarlanaraq götürülüb.
Həmçinin son iki gün ərzində şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində 4 nəfər rayon sakini qanunsuz olaraq saxladıqları odlu silahları polis əməkdaşlarına təhvil veriblər.
Faktlarla bağlı araşdırmalar aparılır.