HEYDƏR ƏLİYEV - 1
AZƏRTAC-ın “Heydər Əliyev Azərbaycandır!” ikihissəli filmi yenidən İctimai TV-nin ekranında VİDEO
Bakı, 11 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) tərəfindən hazırlanan Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ikihissəli “Heydər Əliyev Azərbaycandır!” filmi yenidən İTV-də yayımlanacaq.
AZƏRTAC xəbər verir ki, ekran əsərində dahi şəxsiyyətin ictimai-siyasi fəaliyyətinin nəticəsi olaraq Azərbaycanın inkişafında mühüm rol oynamış 100 tarixi fakt təqdim edilir.
Baş prodüseri AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev, quruluşçu rejissorları Seyran Mahmudoğlu və Fariz Əhmədov, ssenari müəllifi Yunis Orucov olan filmin hazırlanması üçün Azərbaycanın bir sıra regionlarında çəkilişlər aparılıb, böyük həcmdə tarixi məlumatlar toplanıb.
“Heydər Əliyev Azərbaycandır!” sənədli filminin 1-ci hissəsi dekabrın 13-də saat 22.00-da, 2-ci hissəsi isə dekabrın 14-də saat 22.00-da İTV-də yenidən yayımlanacaq.
Ekran əsərinin birinci hissəsində Ümummilli Liderin həm sovet, həm də müstəqillik dövründə Azərbaycana rəhbərlik etdiyi zaman cərəyan edən önəmli hadisələr əksini tapıb. Burada Heydər Əliyevin Azərbaycanda sənayenin və iqtisadiyyatın inkişafı, milli-mənəvi dəyərlərin qorunması, mədəniyyətin tanıdılması istiqamətində həyata keçirdiyi nəhəng layihələr barədə geniş məlumatlar təqdim olunur.
Filmin ikinci hissəsi Azərbaycanın müstəqilliyinin bərpası dövrünü əhatə edir. Ulu Öndərin müasir müstəqil Azərbaycanın banisi kimi həyata keçirdiyi genişmiqyaslı layihələrdən, onun qətiyyətli siyasi fəaliyyətindən söhbət açılır.
Xatırladaq ki, filmin ilk nümayişi oktyabrın 2-də və 3-də olub.