SİYASƏT
28 MAY - RESPUBLİKA GÜNÜ LÜKSEMBURQDA İLK DƏFƏ QEYD EDİLMİŞDİR
Lüksemburq, 2 iyun (AZƏRTAC). İyunun 1-də Azərbaycanın Belçika Krallığında və Lüksemburq Hersoqluğundakı səfirliyinin təşkilatçılığı ilə 28 May - Respublika günü ilk dəfə Lüksemburqda təntənəli şəkildə qeyd edilmişdir.
Mərasimdə Lüksemburq deputatlar palatasının sədri Loran Mozar, böyük hersoq sarayının rəhbəri marşal Jan-Pyer Mores, Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov, deputatlar, Xarici İşlər Nazirliyinin rəsmiləri, ölkədə akkreditə olunmuş diplomatik korpusun və şəhər ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Səfir Emin Eyyubov qısa müddətdə nəinki Cənubi Qafqaz bölgəsində lider dövlətə çevrilmiş, həm də dünyanın inkişaf edən ölkələri sırasında layiqli yerini tutmuş Azərbaycan ilə bağlı belə bir mərasimin ilk dəfə Lüksemburqda qeyd edilməsindən məmnunluq duyduğunu diqqətə çatdırmışdır.
İki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinə toxunan səfir Azərbaycan ilə Lüksemburq arasında münasibətlərin inkişaf etdiyini, bunun üçün ciddi əsaslar olduğunu, iqtisadi baxımdan Avropa İttifaqının çox inkişaf etmiş bu ölkəsi ilə Azərbaycan arasında sıx əlaqələr yarandığını qeyd etmişdir. Sürətli inkişafına və təbii ehtiyatlarına görə, müxtəlif təşkilatların öz məlumatlarında Azərbaycana mühüm yer ayırdıqları xüsusi vurğulanmışdır. Azərbaycanın enerji sahəsində Avropa İttifaqı ilə hərtərəfli əməkdaşlıq etdiyini xatırladan E.Eyyubov iqtisadiyyatın digər sahələrində də əlaqələrin mövcudluğundan bəhs etmişdir.
Səfir müstəqilliyinin bərpasının ilk illərində Azərbaycanın ağır yol keçdiyini, ümummilli lider Heydər Əliyevin belə çətin dövrdə atdığı ciddi addımlar sayəsində ölkəmizin çiçəkləndiyini diqqətə çatdırmışdır. Dağılmış təsərrüfatın bu gün sürətlə inkişaf etdiyi, dünyanın tanınmış siyasətçisi və dövlət xadimi Heydər Əliyevin daxili və xarici siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirildiyi və nəticədə Azərbaycanın sürətli inkişafı vurğulanmışdır.
Azərbaycan rəqs ansamblının ifasında milli rəqs nümunələri tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır.
Mərasimin sonunda xalqımızın milli bayramı münasibətilə ziyafət verilmişdir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Lüksemburq