Ağdamda peşə hazırlığı kurslarına mediatur təşkil edilib VİDEO






Ağdam, 3 may, Göyçək Mahmudlu, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi media nümayəndələrinin işğaldan azad edilmiş ərazilərimizin sakinləri üçün Ağdam rayonunda təşkil olunan peşə tədrisi prosesi ilə tanışlığı məqsədilə mediatur keçirib.
AZƏRTAC-ın xəbərinə görə, mediatur zamanı jurnalistlərə həyata keçirilən aktiv məşğulluq tədbirləri barədə məlumat verilib. Həmin tədbirlərin bir istiqaməti olaraq sakinlərin peşə hazırlığının təşkili işlərinin də aparıldığı bildirilib.
Qarabağ Peşə Hazırlığı Mərkəzinin direktor əvəzedicisi Çinarə Əlişova hazırda mərkəzdə 9 peşə istiqamətində 18 peşə hazırlıq kursu təşkil edildiyini, bunlardan 7-nin işğaldan azad edilmiş ərazilərdə olduğunu deyib: “18 qrup üzrə 186 müdavim doqquz peşə istiqamətində - kompüter operatoru, genişprofilli dəzgahçı, satıcı-nəzarətçi, ofisiant, qənnadıçı-şirniyyatçı, mebel ustası, qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər və s. peşə hazırlığı kurslarını davam etdirir”.
Qeyd olunub ki, Agentliyin Qarabağ Peşə Hazırlığı Mərkəzinin təşkil etdiyi geniş profilli dəzgahçı peşəsi kursları iki ay davam edir. Kurslar nəzəri və praktiki təlimlərdən ibarətdir. Təlimlərin praktiki hissəsini Türkiyədən dəvət olunmuş peşəkar mütəxəssislər həyata keçirirlər. Üç qrup üzrə təşkil edilən kurslara artıq 31 nəfər cəlb edilib. Kursları uğurla bitirənlərin işlə təminatına da dəstək göstərilir.
Media nümayəndələri kursları bitirib işlə təmin olunmuş şəxslərdən bəziləri ilə də görüşüb, onların iş şəraiti ilə tanış olublar.
Ağdam rayonundan məcburi köçkün Kənan Quliyev üç ay əvvəl iş üçün Dövlət Məşğulluq Agentliyinə müraciət etdiyini bildirib: “Agentlikdən mənə geniş profilli dəzgahçı işi olduğu barədə məlumat verildi. Bərdə Regional DOST Mərkəzində peşə barədə ətraflı məlumat aldım və sonra müsahibədən keçdim. İki aydır kurslarda iştirak edirəm. Hazırda qurğularla iş prinsipini öyrənirəm. Cihazlar əsasən özü fırlanan inyeksiya aparatlarıdır. Hər cihazın idarə olunmasına 2-3 işçi tələb olunur. Hazırda cihazın idarə olunması üçün ustaların göstərişi ilə praktiki biliklərə yiyələnirəm”.
Ağdamdan məcburi köçkün olaraq Şəmistan İslamov geniş profilli dəzgahçı peşəsi üzrə nəzəri biliklərə yiyələndiyini, imtahan verərək sertifikat aldığını deyib. O, hazırda keyfiyyət üzrə nəzarət işi üzrə praktiki biliklərini artırdığını diqqətə çatdırıb.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərə köçürülmüş, habelə bu il ərzində köçürülməsi nəzərdə tutulan işsiz və ya işaxtaran şəxslər peşə kurslarına müraciət etmək üçün DOST mərkəzlərinə, məşğulluq filiallarına yaxınlaşaraq və ya sosial.gov.az saytındakı “Qarabağ və Şərqi Zəngəzurda peşə hazırlığı” bölməsindəki linkə daxil olaraq müvafiq formanı doldurmaqla qeydiyyatdan keçə bilərlər.