CƏMİYYƏT
2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin açılması insanların sosial problemlərinin həllinə də müsbət təsir edəcək
Bakı, 3 fevral, AZƏRTAC
Prezident İlham Əliyevin Gəncəyə səfəri bir sıra önəmli hadisələrlə yadda qaldı. Gəncə qəhrəman şəhər kimi gələcək nəsilləri ermənilərin vəhşilikləri barədə məlumatlandıracaq. Çünki 44 günlük Vətən müharibəsi bütün xalqımız kimi, Gəncə sakinlərinin də qüruru, əzmi ilə səciyyələnir. Gəncənin Ermənistanın xain hücumu nəticəsində raket atəşinə məruz qalmasına baxmayaraq, şəhər əhalisi cəbhəyə böyük dəstək göstərdi. Ən acınacaqlısı isə gecə saatlarında atılan raket nəticəsində Gəncədə insan tələfatının və dağıntıların baş verməsi oldu. Ermənistanın bu mənfur hərəkətlərinin əsas məqsədi daha çox insan tələfatının və digər böyük şəhərlərdə əhali arasında təşvişin yaradılması idi. Dövlətimizin başçısının Gəncəyə səfəri erməni terroru ilə bağlı sübutların gələcək nəsillərə ötürülməsi baxımından da vacib əhəmiyyət kəsb etdi. Çünki Gəncə Memorial Kompleksinin təməlinin qoyulması erməni terrorunun, faşizminin nəticələrini Azərbaycana gələn qonaqlara, rəsmi şəxslərə nümayiş etdirilməsi baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin gələcək nəsillər bu tarixi hadisəni əyani görəcəklər.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Politoloq bildirib ki, Gəncədə su təchizatı, qazlaşdırma, elektrik enerjisi ilə təminat yüksək səviyyədə həyata keçirilib. Həmçinin Gəncə hazırda strateji əhəmiyyəti ilə də seçilir. Çünki Gəncədən Göygölə, Göygöldən də Kəlbəcərə yolların tikintisinə başlanılıb. Bundan əlavə, Murovdan Kəlbəcərə gedən tunelin inşası davam etdirilir. Bu da çox çətin arxitektura işidir. Ona görə də tunelin inşası regional və siyasi əhəmiyyəti ilə seçilir. Tunel hazır olduqdan sonra vətəndaşlarımız Kəlbəcərə və Laçına rahat səfərlər edə biləcəklər. Eyni zamanda, məcburi köçkünlərin doğma yurdlarına qayıtması prosesi sürətlənəcək.
“Dövlətimizin başçısının Gəncəyə səfəri zamanı digər infrastruktur layihələrinin açılışı da baş tutdu. 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin açılması insanların sosial problemlərinin həllinə müsbət təsir edəcək. Bundan əlavə, Gəncə Dövlət Dram Teatrının fəaliyyətə başlaması vətəndaşların mədəni inkişafı baxımından əhəmiyyətlidir. Hazırda Gəncədə böyük işlər görüldüyünün şahidiyik. Müasirləşən Gəncənin regionda qabaqcıl şəhərlərdən birinə çevrilməsi istiqamətində addımlar atılır. Qeyd etmək lazımdır ki, Gəncənin strateji əhəmiyyəti də var. Gəncədən keçən dəhlizlər logistik mərkəz kimi şəhərin əhəmiyyətini artırır”, - deyə İ.Hüseynov vurğulayıb.
Politoloq deyib ki, Azərbaycan iqtisadiyyatının inkişafı həm də bölgələrə sirayət edir. Çünki ölkəmiz çoxşaxəli şəkildə inkişaf edir. İlk növbədə, ölkəmizin iri şəhərləri iqtisadiyyatımızdan faydalanaraq öz iqtisadiyyatını genişləndirir. Həmçinin regionların dayanıqlı inkişafı Azərbaycan iqtisadiyyatının təməl sütunlarından birini təşkil edir. Bu addım təkcə Bakının inkişafı ilə deyil, ümumilikdə bütün bölgələrimizin yenidən qurulması ilə səciyyələnir. Təbii ki, bu gün əsas diqqət işğaldan azad edilmiş ərazilərin bərpasına yönəldilib. Buna görə də genişmiqyaslı işlər həyata keçirilərək demək olar ki, hər şey sıfırdan qurulur. Lakin digər ərazilər də diqqətdən kənarda qalmır.