31 mart soyqırımı - tariximizin qanlı səhifəsi
Bakı, 29 mart, AZƏRTAC
Martın 29-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 1918-ci ildə azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar tədbir keçirilib.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu ali məktəbin rektoru, professor Mustafa Babanlı ermənilərin zaman-zaman Azərbaycana qarşı apardığı işğalçılıq siyasətindən danışıb, düşmənin torpaqlarımızda dəhşətli faciələr törətdiyini diqqətə çatdırıb.
1918-ci ilin martında ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən soyqırımının tariximizin qanlı səhifəsi olduğunu qeyd edən rektor həqiqətlərin dünya ictimaiyyətinə daha ətraflı çatdırılmasının vacibliyini vurğulayıb.
Professor Anar İsgəndərov ermənilərin və onların havadarlarının Azərbaycan xalqına qarşı məkrli siyasətindən bəhs edib. Professor qeyd edib ki, 1918-ci ilin mart və aprel aylarında erməni-bolşevik qüvvələri Bakıda, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan və digər rayonlarda on minlərlə azərbaycanlını vəhşicəsinə qətlə yetirib.
Vurğulanıb ki, 31 mart soyqırımı xalqımızın qan yaddaşından silinməyəcək.