31 mart soyqırımı Azərbaycan xalqının milli faciəsidir
Bakı, 30 mart, X.Cəfərova, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov Azərbaycan torpaqları hesabına dövlət quran ermənilərin tarixin bütün dönəmlərində xalqımıza qarşı insanlığa yaraşmayan qanlı əməllər törətdiklərini, erməni qəsbkarlarının vətənimizə və xalqımıza qarşı məkrli addımlar atdıqlarını diqqətə çatdırıb. 1918-ci il 31 mart soyqırımından bəhs edən rektor bildirib ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla ilk dəfə dövlət səviyyəsində bu qətliama siyasi qiymət verilib. Bildirilib ki, hər il martın 31-ni Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd etməklə biz bir daha tarixi keçmişə qayıdır, xalqımıza qarşı açıq şəkildə həyata keçirilən soyqırımının qurbanlarının xatirəsini ehtiramla anırıq.
Sonra Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar beş dəqiqəlik videoçarx nümayiş olunub.
Tədbirdə BDU-nun kafedra müdirləri, professorlar İzzət Rüstəmov və Anar İsgəndərov ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri dövlət cinayətləri adlandırıb, bu hadisələrin həm də dini-etnik ayrıntılar zəminində həyata keçirildiyini bildiriblər.