SİYASƏT
Müryel Danyel: Bakı Təşəbbüs Qrupu beynəlxalq ictimaiyyəti vəziyyətimiz barədə məlumatlandırmağa imkan yaradır VİDEO
Cenevrə, 23 oktyabr, AZƏRTAC
On beş il əvvəl Martinikada qiymətlərin son dərəcə yüksək olması ilə bağlı müraciətimizə baxmayaraq, bu müddət ərzində Fransa hakimiyyəti heç nə etməyib. Vəziyyət yaxşılaşmaqdansa, daha da pisləşib və dözülməz olub. Əvvəlcə hərəkatımız dinc şəkildə başladı. Gənclərin çətin sosial vəziyyətin yaxşılaşdırılması və yüksək qiymətlərin aşağı salınması ilə bağlı tələbi kütləvi hücumla üzləşdi. Müstəmləkəçi dövlət bu dinc sosial aksiya ilə bağlı nazirləri göndərib vəziyyəti öyrənməkdənsə, üzərimizə silahlı qüvvələri göndərdi. Martinikalılar Fransa dövlətinin bu hərəkətindən şoka düşdülər. Dövlət xalqa yardım əvəzinə, onu atəşlə qarşıladı. Martinikalıların dinc nümayişi Fransa dövləti tərəfindən faciəyə çevrildi. Müstəmləkəçi dövlət bütün suallarımıza silahla cavab verdi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Suveren Martinika uğrunda Demokratlar və Ekoloqlar Hərəkatının (MODEMS) üzvü Müryel Danyel söyləyib.
O deyib: “Bu gün gənclərimizin qiyam etməsinin səbəblərini bilmək lazımdır. Gənclər etiraz edirlər, çünki həyat bahadır. Qiymətlər Fransa ilə müqayisədə həddən artıq yuxarıdır, işsizlik son dərəcə yüksəkdir, onlar öz torpaqlarında iş tapa bilmirlər”
M.Danyel bildirib ki, martinikalıların bütün suallarına müstəmləkəçi dövlət repressiyalarla cavab verir.
“BMT bizə bir yol açıb və bu yol Bakıdan keçir, orada Bakı Təşəbbüs Qrupu (BTQ) yaradılıb. BTQ bizi müşayiət edən platformadır. BTQ platforması bizə beynəlxalq ictimaiyyətə vəziyyətimiz haqqında danışmağa və onu məlumatlandırmağa imkan yaradır. Hər dəfə Qvadelupada, Martinikada və digər dənizaşırı ərazilərdə baş verən hadisələrlə bağlı Fransa dövləti dezinformasiya yayır, biz dezinformasiya ilə üzləşirik. Ya vəziyyət minimal səviyyəyə endirilir, hadisələr tamamilə təhrif olunur, ya da bizim fəalları terrorçu kimi qələmə verirlər. Halbuki nümayişlərimiz real vəziyyətə əsaslanır və mübarizəmizin əsasında hüquqlarımızın dəyərləndirilməsi istəyi durur.
Torpaqlarımızın oğurlanması qəbuledilməz reallıqdır. Ərzaq məhsullarının, gündəlik tələbat mallarının və zəruri xidmətlərin hədsiz yuxarı qiymətləri xalqımızı qul formasında saxlamaq üçün müstəmləkə siyasətinin tərkib hissəsidir”, - deyən Müryel Danyel Bakı Təşəbbüs Qrupuna təşəkkürünü ifadə edib.