İdarə Heyətinin sədri: Yaxın illərdə yeni tibbi xidmətlərin icbari tibbi sığorta ilə qarşılanması planlaşdırılır VİDEO
Bakı, 30 oktyabr, AZƏRTAC
Azərbaycanda son illər səhiyyə sahəsində geniş islahatlar həyata keçirilir. Bu islahatların nəticəsi olaraq, artıq hər il 5 milyondan çox vətəndaş icbari tibbi sığortadan yararlanır.
AZƏRTAC xəbər verir ki, bu barədə “Medinex 2025” sərgisinin açılış mərasimində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib.
O deyib ki, böyük maliyyə vəsaiti tələb edən tibbi xidmətlər də Xidmətlər Zərfinə daxil edilib. Bu da əhalinin keyfiyyətli tibbi yardıma əlçatanlığını xeyli artırıb. Yaxın illərdə isə yeni tibbi xidmətlərin icbari tibbi sığorta ilə qarşılanması planlaşdırılır.
Zaur Əliyev, həmçinin vurğulayıb ki, “Medinex 2025” sərgisi artıq səhiyyə sektorunda çox vacib platformaya çevrilib. “Bu sərgi özəl sektor ilə dövlət müəssisələri arasında əməkdaşlığın güclənməsinə, yeni tərəfdaşlıqların qurulmasına və təcrübə mübadiləsinə ciddi töhfə verir. İnanıram ki, belə tədbirlər gələcəkdə də səhiyyə sistemimizin inkişafına mühüm töhfə verməyə davam edəcək”,-deyə o diqqətə çatdırıb.