Sabirabadda “Zəfər nəğmələri” adlı konsert proqramı təşkil edilib VİDEO
Sabirabad, 7 noyabr, Aydın Yavərzadə, AZƏRTAC
Sabirabad rayon Mədəniyyət Mərkəzində Mil-Muğan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunan “Zəfər nəğmələri” adlı konsert proqramı keçirilib.
İdarədən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbirdə rayon icra hakimiyyətinin başçısı və rəhbər heyəti, rayonda fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərliyi və əməkdaşları, şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları, mədəniyyət, təhsil işçiləri, elə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Dövlət Himninin səsləndirilib və şəhidlərimizin əziz xatirəsi sükutla yad edilib. Daha sonra Mil-Muğan Regional Mədəniyyət İdarəsi tərəfindən Zəfər Günü münasibətilə Sabirabad şəhərinin mərkəzi meydanında məktəblilərin iştirakı ilə təşkil olunmuş fləş-mobun videoçarxı nümayiş etdirilib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Qələbədən, Ordumuzun qəhrəmanlığından və xalqımızın birliyindən bəhs edilib. Şəhidlərimizin əziz xatirəsinin daim uca tutulduğu, dövlət səviyyəsində onların ailələrinə və qazilərə göstərilən diqqət və qayğının Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən xüsusi önəm daşıdığı vurğulanıb.
Bədii hissə ilə davam edən tədbirdə regionda fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin müəllim və şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda mahnılar, muğam və təsniflər səsləndirilib. Konsert proqramında “Qarabağ”, “Azərbaycan”, “Heyratı ritmik muğamı”, “Qarabağ şikəstəsi”, “Ey əziz anam Azərbaycan”, “Sən qalibsən”, “Xudayar təsnifi” və “Azadlıq marşı” kimi ifalar səsləndirilib və “Yaşa mənim xalqım” adlı kompozisiyanın səsləndirilməsi ilə yekunlaşıb.