Qazaxıstanın ombudsmanı: Konstruktiv dialoq və təcrübə mübadiləsi bizə praktiki həllər tapmağa kömək edəcək VİDEO
Bakı, 12 noyabr, G.Mahmudlu, A.Haqverdiyeva, AZƏRTAC
Müasir dünyada Konstitusiya dövlətin siyasi sabitliyinin və yetkinliyinin təməli, qanunun aliliyi və institusional inkişaf lehinə şüurlu bir seçimdir. Tarix bir çox idarəetmə modelləri ilə tanışdır, lakin Konstitusiyanın yalnız hüquq və prinsipləri bəyan etmədiyi, həm də onların real qorunmasını təmin edən canlı mexanizm kimi fəaliyyət göstərdiyi məlumdur. Bugünkü dünyada Konstitusiya dəyərlərinin güclü, çevik və yeni çağırışlara cavabdeh qalması xüsusilə vacibdir.
AZƏRTAC xəbər verir ki, bu fikri “Konstitusiya və qanunun aliliyi müasir hüquq sistemlərində” mövzusunda keçirilən beynəlxalq konfransı çərçivəsində təşkil olunan “Konstitusion dəyərlər və insan hüquqları: Qlobal trendlər və çağırışlar” adlı paneldə Qazaxıstan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Artur Lastayev deyib.
"Biz ortaq problemləri və kollektiv vəzifəni bölüşürük. Məqsədimiz dünya nə qədər dəyişsə də, qanunun və insanlığın fundamental dəyərlərini qorumaqdır. Əminəm ki, bu cür formalarda konstruktiv dialoq və təcrübə mübadiləsi bizə etimad yaratmağa, hüquq institutlarını gücləndirməyə və praktiki həllər tapmağa kömək edəcək", - deyə A.Lastayev bildirib.
Qazaxıstan Konstitusiyasının 1995-ci il avqustun 30-da ümumxalq referendumu yolu ilə qəbul olunduğunu diqqətə çatdıran A.Lastayev o vaxtdan indiyədək qanuna bir neçə dəfə dəyişiklik edildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, ən əhəmiyyətli islahatlar üç il əvvəl ümumxalq referendumu ilə Konstitusiyaya edilən dəyişikliklərdir.
O, hazırda Qazaxıstanda hüquqi islahatların davam etdiyini və təkpalatalı parlamentə keçid haqqında müzakirələrin aparıldığını bildirib.