Nazir müavini: “Qırmızı Şəbəkə”nin fəaliyyəti yalnız fövqəladə hallara operativ reaksiya göstərilməsi ilə məhdudlaşdırılmamalıdır VİDEO
Bakı, 19 noyabr, G.Mahmudlu, A.Haqverdiyeva, AZƏRTAC
Qürurverici haldır ki, 16 il öncə Naxçıvan Sazişi ilə əsası qoyulmuş Türk Dövlətləri Təşkilatı (TDT) qısa müddət ərzində mühüm inkişaf yolu keçərək regionda və onun hüdudlarından kənarda nüfuzlu beynəlxalq təşkilata çevrilib. Bu illər ərzində qurucu dövlətlərdən biri kimi Azərbaycan TDT çərçivəsində əməkdaşlığın bütün sahələr üzrə dinamik və davamlı inkişafı prosesinə öz töhfəsini verib. Bu gün TDT beynəlxalq qurumlara inamın sarsıldığı bir dövrdə sabitliyin və tərəqqinin təminatçısı olan etibarlı regional tərəfdaş kimi çıxış edir. Dünyada baş verən sürətli proseslər fonunda ortaya çıxan yeni çağırışlar türk dövlətlərinin səylərini birləşdirməsini, sabitliyə, təhlükəsizliyə və rifaha nail olmaq üçün qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsini zəruri edir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri TDT-yə üzv dövlətlərin Qızıl Aypara Şəbəkəsinin rəhbərlərinin iclasında xarici işlər nazirinin müavini Samir Şərifov deyib.
O bildirib ki, regionda və beynəlxalq arenada cərəyan edən geosiyasi transformasiyalar fonunda TDT-nin birgə strateji düşüncə və ortaq fəaliyyətinə əsaslanan mexanizmlərin qurulması heç vaxt olmadığı qədər önəm kəsb etməkdədir. “Qısa müddət ərzində əsaslı inkişaf yolu keçmiş TDT-də hazırda 40-dan artıq sahə üzrə müxtəlif əməkdaşlıq formatları mövcuddur. Türk Qırmızı Şəbəkəsi TDT məkanında humanitar həmrəyliyin gücləndirilməsi, fövqəladə hallara çevik reaksiya verilməsi və koordinasiyanın təmin olunması məqsədilə formalaşdırılıb. Təsis edildiyi dövrdən etibarən şəbəkənin fəaliyyəti TDT çərçivəsində daim diqqət mərkəzində saxlanılıb. Hesab edirik ki, Türk Qırmızı Şəbəkəsinin fəaliyyəti yalnız fövqəladə hallara operativ reaksiya göstərilməsi ilə məhdudlaşdırılmamalıdır, şəbəkə türk dövlətlərinin humanitar hüququnu beynəlxalq səviyyədə nümayiş etdirən vasitə kimi də çıxış edə bilər. TDT-nin sədri kimi Azərbaycan tərəfindən Türk Qırmızı Şəbəkəsinin fəaliyyətinə bundan sonra da hərtərəfli dəstək göstəriləcək", - S.Şərifov bildirib.