Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il üçün gəlirləri 8 milyard 323 milyon manat olacaq VİDEO
Bakı, 20 noyabr, AZƏRTAC
Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il üçün gəlirləri 8 milyard 323 milyon manat nəzərdə tutulur ki, bu da 2025-ci ilin proqnoz gəlirlərindən 705,7 milyon manat və ya 9,3 faiz çoxdur.
AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin noyabrın 20-də keçirilən plenar iclasında deyib.
Nazir bildirib ki, Fondun 2026-cı il üçün gəlirlərinin 79,2 faiz və ya 6,6 milyard manatının MDSS daxilolmaları üzrə formalaşacağı proqnozlaşdırılır. Bu isə cari ilin müvafiq göstəricisindən 593,7 milyon manat və ya 10 faiz çoxdur. Büdcədən maliyyələşən təşkilatlar üzrə 2026-cı il üçün daxilolmalar 2,1 milyard manat, qeyri-büdcə təşkilatları üzrə isə 4,5 milyard manat proqnozlaşdırılır. Qeyri-büdcə sektoru üzrə proqnoz edilən gəlirlər sosial sığorta haqlarının 68 faizini təşkil edir. Ümumilikdə 2025-ci ilin təsdiq edilmiş göstəriciləri ilə müqayisədə 2026-cı il üçün büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 3,6 faiz və ya 73,4 milyon manat, qeyri-büdcə sektoru üzrə daxilolmalar isə 13,1 faiz və ya 520,3 milyon manat artımla proqnozlaşdırılır.