Kiyevə hava hücumu zamanı yaşayış binaları dağılıb - AZƏRTAC-ın hadisə yerindən REPORTAJI VİDEO
Kiyev, 25 noyabr, AZƏRTAC
Rusiya ordusu noyabrın 25-nə keçən gecədən başlayaraq Ukraynanın paytaxtı Kiyevə növbəti dəfə çoxkombinasiyalı hava hücumu həyata keçirib.
AZƏRTAC-ın xüsusi müxbirinin verdiyi məlumata görə, gecə saatlarında hava hücumundan müdafiə sistemi işə düşüb, partlayış səsləri eşidilib. Hava hücumu zamanı müxtəlif tipli, o cümlədən ballistik raketlərdən, zərbə dronlarından istifadə edilib.
Hava zərbələri zamanı Kiyevin bir neçə hündürmərtəbəli yaşayış binası dağılıb. Azı 6 mülki şəxs həlak olub, 20-yə yaxın şəxs isə xəsarət alıb.
Ukrayna Prezidenti Volodimir Zelenski açıqlamasında bildirib ki, hava hücumu zamanı 22 müxtəlif tipli raket, həmçinin 460-dan artıq zərbə dronu atılıb. Əsas hədəf Kiyev şəhəri olub.
AZƏRTAC-ın xüsusi müxbiri hadisə yerindən video və fotoreportajı təqdim edir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev