Ukraynada müharibə dönəmində əcnəbilərin 80 min yaşayış icazəsi ləğv edilib – AZƏRTAC-ın REPORTAJI VİDEO
Kiyev, 5 dekabr, AZƏRTAC
Ukraynada hərbi vəziyyətin yaratdığı qaydalar əcnəbi vətəndaşlar üçün də çətinlik yaradır. Miqrasiya qaydalarına tam əməl edilməsinə nəzarət güclənir. Dörd ilə yaxındır davam edən müharibə dönəmində Ukraynada insanların daha çox üzləşdiyi problemlərdən biri də miqrasiya ilə bağlıdır. Məhz ona görə də miqrasiya problemləri ilə bağlı müraciətlərin sayı və məhkəmə çəkişmələri artıb.
Ukraynalı hüquqşünas, vəkil Şəmsi Məhərrəmov AZƏRTAC-a açıqlamasında bildirib ki, Ukraynada müharibə dönəmində çoxsaylı əcnəbilər yaşayır və onların əksəriyyəti bunu qanuni əsaslarla edir. Yaşamaq üçün icazə alıb heç bir qaydanı pozmayan şəxslər qanunlara riayət etdikləri müddətdə, adətən, heç bir problem yaşamırlar. Əlbəttə, müxtəlif hallar və istisnalar mövcuddur. Lakin qanunlar pozulmadıqda heç bir problem yaranmır. Amma elə əcnəbilər də var ki, ölkəyə gəlib müvəqqəti və ya daimi yaşayış icazəsini saxta əsaslarla alıblar, məsələn, saxta nikah vasitəsilə və ya əslində, könüllü olmadıqları halda özlərini könüllü kimi təqdim etməklə və s. Adətən, belə hallarda həmin icazələr ləğv olunur. Onun sözlərinə görə, müharibənin başlanmasından etibarən Ukraynada əcnəbilərin təxminən 80 min yaşayış icazəsi ləğv edilib. Bu, çox böyük rəqəmdir, onların böyük hissəsi ya vergi ödəmirdi, ya da yaşayış icazəsini saxta əsaslarla almışdılar və s. Ona görə də, əgər Ukraynada qanunlara riayət etsəniz, böyük ehtimalla heç bir probleminiz olmayacaq. Müharibə dönəmində təxminən 20 min əcnəbiyə isə iş icazəsi verilib.
Ukraynalı hüquqşünas hesab edir ki, əcnəbilər, o cümlədən azərbaycanlılar da Ukraynaya gələrkən hərbi vəziyyət tətbiq olunan ölkəyə gəldiklərini nəzərə almalıdırlar. “Ukraynaya gələn əcnəbilər nəzərə almalıdırlar ki, ölkədə hərbi vəziyyət tətbiq olunub. Ona görə də əcnəbi vətəndaşlara, o cümlədən Azərbaycan vətəndaşlarına tövsiyə edirəm ki, səyahət edərkən ən azı notarial təsdiqlənmiş dəvət məktubu götürsünlər, həmçinin haraya getdiklərini, kimin yanına və nə məqsədlə getdiklərini izah edə bilsinlər. Tövsiyə olunur ki, dəvət edən şəxs səyahətçiləri Moldovada qarşılasın, əgər onlar Moldovadan gəlirlərsə, Ukrayna sərhədində onları qarşılasın.
Azərbaycanlılar barədə deyə bilərəm ki, onların Ukraynada sayı çoxdur və bir çoxu miqrasiya qaydalarını və digər qanunları pozmadan rahat şəkildə yaşayırlar. Lakin, əlbəttə, bu qaydaları və qanunları pozanlar da mövcuddur. Belə hallarda həmin şəxslər üçün Ukraynaya giriş qadağan edilir və ya onların yaşayış icazəsi varsa, bu icazələr ləğv olunur. Ümumiyyətlə, miqrasiya qaydalarına və digər qanunlara riayət edən vətəndaşlar heç bir problemlə qarşılaşmırlar, yalnız bəzi xüsusi hallar istisna ola bilər”, - deyə Şəmsi Məhərrəmov əlavə edib.
Qeyd edək ki, mövcud qanunvericiliyin tələblərini pozan əcnəbilərin Ukraynaya girişi qadağan edilir. Ukraynada qalma müddətini qanunsuz olaraq hətta bir gün keçmək belə deportasiyaya və ölkəyə girişin qadağan edilməsinə səbəb ola bilər.
AZƏRTAC mövzu ilə bağlı videoreportajı təqdim edir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev