Ümummilli Liderə həsr edilən “Geosiyasi kod” adlı film nümayiş olunub VİDEO
Şamaxı, 12 dekabr, Rəşad Türkoğlu, AZƏRTAC
Şamaxıda müasir Azərbaycan dövlətinin memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, öncə Şamaxı Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə strukturlarının, eləcə də müvafiq idarə, müəssisə və təşkilatların kollektivlərinin məsul şəxsləri və ictimaiyyət nümayəndələri Heydər Əliyev adına parkda Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Şamaxı Mədəniyyət Mərkəzində təşkil olunmuş anım tədbirində Ümummilli Liderin həyatı və fəaliyyəti barədə “Geosiyasi kod” adlı film nümayiş etdirilib.
Sonra çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin dövlətçiliyimizin qurulmasında, xalqımızın əmin-amanlığının təmin edilməsində və milli-mənəvi dəyərlərimizin qorunmasındakı əvəzsiz xidmətlərindən geniş söhbət açıblar. Ulu Öndərin milli-mənəvi dəyərlərə bağlılıq və ədalətlilik prinsiplərini rəhbər tutaraq, bütün həyatını xalqımızın birliyi və rifahı, ölkəmizin parlaq və firavan gələcəyi uğrunda mübarizəyə həsr etdiyini bildiriblər.
Natiqlər, həmçinin Ulu Öndərin bizə bəxş etdiyi güclü Azərbaycan Respublikasının bu gün onun ideyalarının davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu, düşünülmüş siyasəti nəticəsində daha da gücləndiyini, müstəqil və güclü dövlətə çevrildiyini vurğulayıblar.