Qazaxda müəllimlər arasında intellektual bilik yarışı təşkil edilib VİDEO
Qazax, 17 dekabr, Ruslan Novruzoğlu, AZƏRTAC
Qazaxda “Konstitusiya və Suverenlik İli” çərçivəsində ümumtəhsil müəssisələrinin müəllimləri arasında intellektual bilik yarışı təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarışın əsas məqsədi dövlətimizin ərazi bütövlüyü, suverenliyi və konstitusion dəyərləri ilə bağlı biliklərin genişləndirilməsi, işğaldan azad edilmiş ərazilərimizin zəngin tarixi irsinin təbliği, eləcə də regionun milli-mədəni dəyərlərinə marağın artırılmasıdır.
İyirmi komandanın iştirakı ilə keçirilən yarış 3 mərhələdən ibarət olub. İştirakçılar “Konstitusiya və Suverenlik İli”, Azərbaycan Respublikasının Konstitusiyası, azad olunmuş ərazilərdəki tarixi abidələr və suverenlik mövzularını əhatə edən 40 sualdan ibarət 3 mərhələdə biliklərini sınayıblar.
Bilik yarışının sonunda I yerə Səməd Vurğun adına şəhər 2 saylı məktəbinin “Qazax”, II yerə Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbinin “Qarabağ”, III yerə Şamoy Çobanov adına Ağköynək kənd tam orta məktəbinin “Qubadlı” komandaları layiq görülüb. Qalib komandalar sertifikat və hədiyyələrlə mükafatlandırılıb.