Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO
Bakı, 10 iyun, AZƏRTAC
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirlər zamanı paytaxt ərazisində narkokuryerlik etməkdə şübhəli bilinən 36 yaşlı Səddam Məmmədovdan 15, 39 yaşlı Elçin Hacıyev və tanışı 26 yaşlı Ayxan Abbasquliyevdən 11, 25 yaşlı Hafiz Tağıyevdən isə 20 kiloqrama yaxın marixuana, heroin və metamfetamin aşkarlanıb.
Keçirilən əməliyyatlar nəticəsində ümumilikdə 46 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb.
Saxlanılan şəxslər ifadələrində narkotikləri paytaxt ərazisində dövriyyəsini təşkil etmək məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.
Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.