Zakir Quliyev: Dövlət Proqramının ana xəttini intensiv təsərrüfatçılığa keçid təşkil edir VİDEO
Saatlı, 23 iyun, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” aqrar sahədə dayanıqlı, intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidi nəzərdə tutur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Regional Su Meliorasiya Xidmətinin sədri Zakir Quliyev Saatlı rayonunda keçirilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsi məqsədilə keçirilən müşavirədə səsləndirib.
Zakir Quliyev bildirib ki, Dövlət Proqramı çərçivəsində qarşıya qoyulmuş hədəflər üzrə aqrar sektorun dayanıqlı inkişafının dəstəklənməsi və su təminatının etibarlılığının artırılması istiqamətində sistemli tədbirlər nəzərdə tutulub. O qeyd edib ki, 2026-2030-cu illər üzrə qəbul edilmiş bu Dövlət Proqramının ana xəttini yüksək əlavə dəyər yaradan intensiv təsərrüfatçılığa keçid təşkil edir.
Müxbir - Aydın Yavərzadə