Azərbaycan və Qazaxıstan arasında arxeologiya sahəsində elmi əməkdaşlıq genişlənir - beynəlxalq onlayn seminar VİDEO
Ağstafa, 17 iyul, AZƏRTAC
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsində fəaliyyət göstərən “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu, AMEA Arxeologiya və Antropologiya İnstitutu və Qazaxıstan Respublikasının "Xan Ordalı Sarayşık" Dövlət Tarix-Mədəniyyət Muzey-Qoruğunun birgə təşkilatçılığı ilə “Mədəni irsin qorunması və arxeologiya: elmi tədqiqatlar, beynəlxalq əməkdaşlıq və gələcək perspektivlər” mövzusunda beynəlxalq onlayn elmi seminar keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bakı Dövlət Universitetinin dosenti, tarix elmləri namizədi Yunis Nəsiblinin moderatorluğu ilə keçirilən seminarın məqsədi mədəni irsin qorunması, arxeoloji tədqiqatların müasir vəziyyəti, beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi, qabaqcıl təcrübələrin paylaşılması və gələcək birgə elmi fəaliyyət istiqamətlərinin müzakirəsi olub.
Tədbirdə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsində olan digər qoruqların əməkdaşları, Bakı Dövlət Universitetinin magistrantları, Xəzər Universitetinin tələbələri və ali təhsil müəssisələrinin müəllimləri iştirak ediblər. İştirakçılar seminarı Azərbaycan və Qazaxıstan arasında tarix, arxeologiya və mədəni irsin qorunması sahələrində əməkdaşlığın inkişafına xidmət edən mühüm elmi platforma kimi qiymətləndiriblər.
Seminarı açan “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Musa Mursaquliyev mədəni irsin qorunması və elmi tədqiqatların səmərəliliyinin artırılmasında beynəlxalq əməkdaşlığın əhəmiyyətindən danışıb. O, ortaq tarixi-mədəni irsin öyrənilməsi məqsədilə birgə elmi layihələrin həyata keçirilməsi, arxeoloji ekspedisiyaların təşkili, mütəxəssis hazırlığı və təcrübə mübadiləsinin vacibliyini vurğulayıb.
Sonra "Xan Ordalı Sarayşık" Dövlət Tarix-Mədəniyyət Muzey-Qoruğunun direktoru, tarix elmləri doktoru, professor Abilseit Kapizuliy Mukthar “Sarayşık muzey-qoruğunun elmi-tədqiqat fəaliyyəti və onun orta əsr abidələrinin qorunması, mühafizəsi və təbliğindəki rolu” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Sarayşık şəhər yerinin arxeoloji potensialı, burada aparılan tədqiqatlar, konservasiya və muzeyləşdirmə işləri, eləcə də bu zəngin irsin beynəlxalq elmi ictimaiyyətə tanıdılması istiqamətində görülən tədbirlər haqqında ətraflı məlumat verilib.
AMEA Arxeologiya və Antropologiya İnstitutunun rəqəmsal inkişaf və süni intellekt üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Pərviz Qasımov “Keşikçidağ kurqanları” mövzusunda çıxış edərək, Ceyrançöl ərazisində yerləşən kurqanların elmi əhəmiyyətindən, son illərdə aparılan arxeoloji qazıntıların nəticələrindən və onların Qafqazın qədim tarixinin öyrənilməsinə verdiyi töhfələrdən bəhs edib.
Daha sonra “Aşısay Qızıl Orda şəhərciyində arxeoloji tədqiqatlar”, “Sarayşıq orta əsr şəhərciyinin arxeoloji cəhətdən öyrənilməsinin əsas mərhələləri”, “Qaraqaylı arxeoloji kompleksi: son tədqiqatlar və yeni məlumatlar” və “Gənclər, arxeologiya və mədəni irs: Keşikçidağ Yay Məktəbindən təəssüratlar” mövzularında çıxışlar olub.
Seminarın sonunda iştirakçılar mədəni irsin mühafizəsində müasir yanaşmaların tətbiqi, arxeoloji irsin rəqəmsallaşdırılması, beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi, birgə arxeoloji ekspedisiyaların təşkili və gələcək elmi layihələrin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.
Müxbir -Ruslan Novruzoğlu