Səbinə Əliyeva: “Yüksəliş” müsabiqəsi insan kapitalının inkişafına xidmət edən uğurlu layihələrdən biridir VİDEO
Bakı, 17 iyul, AZƏRTAC
Bu gün süni intellekt, rəqəmsal transformasiya və innovativ texnologiyalar həyatımızın bütün sahələrinə nüfuz edir, yeni imkanlar və yeni çağırışlar yaradır. İnnovasiyalarla ayaqlaşmaq artıq seçim deyil, zamanın tələbidir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri insan hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyeva “Yüksəliş” müsabiqəsinin final mərhələsinin açılış mərasimində çıxış edərkən deyib.
S. Əliyeva diqqətə çatdırıb ki, süni intellekt gələcəyin alətidir, təbii intellekt isə gələcəyin müəllifidir: “Texnologiyalar inkişafın sürətini artırır, lakin onun istiqamətini insanın zəkası, dəyərləri və məsuliyyəti müəyyən edir. Buna görə də hər birimiz texnologiyalarla ayaqlaşmaqla yanaşı, biliklərimizi, analitik düşüncəmizi, dünyagörüşümüzü və etik məsuliyyət hissimizi daim inkişaf etdirməliyik. Əsl yüksəliş də məhz buradan başlayır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təsis edilmiş “Yüksəliş” müsabiqəsi ötən illər ərzində ölkəmizdə insan kapitalının inkişafına xidmət edən ən uğurlu layihələrdən birinə çevrilib. Bu müsabiqə yalnız bilik və bacarıqların qiymətləndirilməsi deyil, həm də liderlik keyfiyyətlərinin, dövlətçilik təfəkkürünün, müasir idarəetmə mədəniyyətinin və yüksək məsuliyyət hissinin formalaşdığı mühüm inkişaf platformasıdır.
Final mərhələsi Sizə öz potensialınızı nümayiş etdirmək, yeni bilik və təcrübə qazanmaq, fərqli baxışlardan faydalanmaq və gələcək inkişaf istiqamətlərinizi müəyyənləşdirmək üçün mühüm fürsətdir.
Müsabiqənin nəticəsindən asılı olmayaraq, burada qazandığınız biliklər, təcrübə və peşəkar əlaqələr gələcək fəaliyyətinizdə ən qiymətli sərvətiniz olacaq.
Əminəm ki, bu günün finalçıları sabah Azərbaycanın inkişafına istiqamət verən qərarların müəllifləri olacaq, müasir texnologiyaları yüksək intellekt, insan hüquqlarına hörmət və etik dəyərlərlə uzlaşdıraraq ölkəmizin inkişafına layiqli töhfələr verəcəklər”.