Müsabiqə qalibi: “Dövlətin və xalqın üçün nə etmisən?” sualı məni “Yüksəliş”ə gətirdi VİDEO
Bakı, 17 iyul, AZƏRTAC
“Yüksəliş” müsabiqəsində iştirak etmək qərarı uzun illər özümə verdiyim “Dövlətin və xalqın üçün nə etmisən?” sualından yarandı.
AZƏRTAC xəbər verir ki, bu sözləri beşinci “Yüksəliş” müsabiqəsinin qalibi Əliağa Ağayev altıncı “Yüksəliş” müsabiqəsinin final mərhələsinin açılış mərasimində çıxışı zamanı söyləyib. O bildirib ki, Macarıstanda təhsil aldığı və karyerasını qurduğu müddətdə Azərbaycan gənclərinin bir araya gəlməsi, ölkə ilə əlaqələrinin saxlanması və yeni gələn tələbələrin dəstəklənməsi istiqamətində fəaliyyət göstərib. Əliağa Ağayev qeyd edib ki, daha böyük məsuliyyətin bir parçası olmaq istəyi onu “Yüksəliş” müsabiqəsinə qoşulmağa sövq edib.
Qalib vurğulayıb ki, “Yüksəliş” müsabiqəsi onun üçün ilk cəhd olmayıb. Müsabiqənin dördüncü mövsümündə yarımfinal mərhələsini bir neçə balla qaçırsa da, növbəti il yenidən iştirak edərək qaliblər sırasında yer alıb.
Əliağa Ağayevin sözlərinə görə, müsabiqə yolunda ona dürüstlük və etimad, qalib olmaq əzmi, dözümlülük və davamlılıq, eləcə də başqalarına dəstək olmaq prinsipləri kömək edib. O qeyd edib ki, liderlik təkcə şəxsi nailiyyətlərlə deyil, həm də başqalarının inkişafına verilən töhfə ilə ölçülür.