Fərəh Əliyeva: Güclü lider ictimai məsuliyyət hissi daşımalıdır VİDEO
Bakı, 17 iyul, AZƏRTAC
“Yüksəliş” müsabiqəsinin iştirakçıları artıq öz sahələrində uğur qazanmış şəxslərdir. “Yüksəliş” sadəcə müsabiqə deyil, bilik və təcrübəsi ilə fərqlənən, öz karyerasını formalaşdırmış insanların bir araya gəldiyi platformadır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva müsabiqənin final mərhələsinin açılış mərasimində deyib.
Təşkilat Komitəsinin sədri bildirib ki, “Yüksəliş” müsabiqəsinin əsas məqsədi yalnız peşəkar bacarıqlara malik şəxsləri müəyyənləşdirmək deyil, eyni zamanda, dövlətinə, xalqına və milli dəyərlərə sadiq, yüksək məsuliyyət hissinə malik yeni nəsil idarəçilərin yetişməsinə töhfə verməkdir. Müsabiqədə iştirak edən şəxslər artıq həyatlarında və peşəkar fəaliyyətlərində mühüm uğurlar əldə ediblər. “Yüksəliş” isə onlara özləri kimi uğurlu və təşəbbüskar insanlarla bir araya gəlmək, təcrübə mübadiləsi aparmaq və yeni əməkdaşlıq imkanları yaratmaq imkanı təqdim edir.
Fərəh Əliyeva vurğulayıb ki, güclü olmaq təkcə peşəkarlıqla ölçülmür. Güclü lider, eyni zamanda, ictimai məsuliyyət daşıyan, çətinliklər qarşısında geri çəkilməyən, vətəninin və xalqının maraqlarını hər zaman ön planda tutan şəxsdir. Liderliyin əsas göstəricilərindən biri ədalətli olmaq, qarşıya qoyulan məqsədlərə doğru inamla irəliləmək və uğursuzluqların insanı yolundan döndərməsinə imkan verməməkdir.