Dövlət Proqramı Naxçıvanda quşçuluq təsərrüfatlarının inkişafına yeni təkan verəcək VİDEO
Naxçıvan, 22 iyul, AZƏRTAC
Prezident İlham Əliyevin bu il mayın 25-də imzaladığı Sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda quşçuluq sektorunun inkişafı istiqamətində yeni müasir quşçuluq damlarının qurulması və mövcud damların modernləşdirilməsi, müasir kəsimxanaların yaradılması, torpaq təyinatı ilə bağlı mövcud çətinliklərin aradan qaldırılması, damazlıq işinin təşviq edilməsi, həmçinin quşçuluq müəssisələrinin kommunal xidmətlərə (elektrik, qaz) qoşulma xərclərinin subsidiyalaşdırılması kimi tədbirlər nəzərdə tutulub. Bununla da, 2030-cu ilədək istehsalın təqribən 30 faiz artırılması hesabına quş əti ilə özünütəminetmənin yaxşılaşdırılması hədəflənir.
Dövlət Proqramında müəyyənləşdirilən bu hədəflər ölkədə quşçuluq sahəsinin daha müasir əsaslarla inkişafına, istehsalın səmərəliliyinin artırılmasına və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə mühüm töhfə verəcək. Naxçıvanda da son illər quşçuluq təsərrüfatlarının genişləndirilməsi, müasir istehsal üsullarının tətbiqi və sahibkarlığa göstərilən dövlət dəstəyi sayəsində bu sahə dinamik inkişaf edir. Dövlət Proqramının icrası muxtar respublikada yeni quşçuluq təsərrüfatlarının yaradılmasına, mövcud müəssisələrin modernləşdirilməsinə, istehsal həcmlərinin artırılmasına və əhalinin keyfiyyətli quşçuluq məhsulları ilə təminatının daha da yaxşılaşdırılmasına əlavə imkanlar yaradacaq.

Culfa Regional Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşı Nihad Kərimli AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" aqrar sektorun müasir çağırışlara uyğun inkişafını, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsini və istehsalın artırılmasını əsas prioritetlər kimi müəyyən edib. Bu baxımdan quşçuluq sahəsinin inkişafı xüsusi əhəmiyyət daşıyır. Dövlət Proqramına uyğun müasir texnologiyaların tətbiqi, yem bazasının möhkəmləndirilməsi və sahəyə investisiyaların cəlb olunması quşçuluğun inkişafına mühüm töhfə verəcək.
O vurğulayıb ki, bu sahənin davamlı inkişafı məqsədilə fermerlər sanitar-gigiyena qaydalarına ciddi əməl etməli, baytarlıq-profilaktik tədbirlərini vaxtında həyata keçirməli, keyfiyyətli yem vasitələrindən və təmiz sudan istifadə etməlidirlər. Bu amillər məhsuldarlığın artırılmasına, xəstəliklərin qarşısının alınmasına və təhlükəsiz quşçuluq məhsullarının istehsalına mühüm təsir göstərir.
"Son illərdə dövlət tərəfindən bu sahəyə göstərilən dəstək, güzəştli kreditlər və fermerlərin əməyi nəticəsində quşçuluq təsərrüfatları daha da inkişaf edir. Həyata keçirilən tədbirlər ölkənin ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə və əhalinin keyfiyyətli, təhlükəsiz quşçuluq məhsulları ilə təminatının yaxşılaşmasına mühüm töhfə verəcək", - deyə Nihad Kərimli əlavə edib.

Culfa rayonunun Gülüstan kənd sakini Bəhruz İsmayılov 2012-ci ildə Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən ayrılan 40 min manat güzəştli kredit hesabına bu sahədə ailə təsərrüfatı yaradıb. Həmin vaxtdan etibarən təsərrüfatını davamlı inkişaf etdirən fermer hazırda hinduşka və toyuq bəsləməklə məşğul olur.
Bəhruz İsmayılov bildirir ki, hazırda təsərrüfatda 1000-dən artıq hinduşka cücəsi olmaqla, ümumilikdə 2-3 minə yaxın müxtəlif növ cücə saxlanılır. Bundan əlavə, burada 500-ə yaxın yumurtlayan toyuq bəslənilir. Fermerin əsas məqsədi təsərrüfatını daha da genişləndirmək və bazara daha çox keyfiyyətli məhsul çıxarmaqdır. 6 hektar ərazini əhatə edən təsərrüfatda quşların saxlanılması üçün müasir damlar, köməkçi tikililər və geniş otlaq sahələri yaradılıb. Otlaq sahələri quşların sağlam böyüməsinə, təbii şəraitdə bəslənməsinə və yüksəkkeyfiyyətli məhsulun əldə olunmasına əlverişli şərait yaradır.
Muxtar respublikada nümunəvi ailə təsərrüfatçılarından biri kimi tanınan Bəhruz İsmayılov göstərdiyi fəaliyyətə görə “Rəşadətli əməyə görə” nişanı ilə də təltif olunub. O, bu yüksək qiymətə atasının və qardaşının dəstəyi, eləcə də ailə üzvlərinin birgə əməyinin nəticəsində nail olduğunu bildirir. Ailə təsərrüfatında göstərilən həmrəylik və zəhmət sayəsində fəaliyyət ildən-ilə genişlənir, qazancları artır.

Bəhruz İsmayılov qeyd edir ki, təsərrüfatda quşların sağlamlığının qorunmasına xüsusi diqqət yetirilir. Cücələr birhəftəlik olduqda burun damcısı vasitəsilə vaksinasiya edilir, bir aylığında çiçək, iki aylığında isə taun xəstəliyinə qarşı zəruri peyvəndlər vurulur. Bütün baytarlıq-profilaktik tədbirlər müəyyən olunmuş qrafik əsasında vaxtında həyata keçirilir. Bəslənilən quşlar Naxçıvan Muxtar Respublikasında təşkil edilən kənd təsərrüfatı yarmarkalarında, həmçinin birbaşa təsərrüfatda satışa çıxarılır. Fermer gələcəkdə fəaliyyətini daha da genişləndirməyi qarşıya əsas məqsəd kimi qoyub.
Gülüstan kəndində fəaliyyət göstərən bir təsərrüfatın timsalında qeyd etmək olar ki, son illərdə dövlət dəstəyi, sahibkarların təşəbbüskarlığı və müasir texnologiyaların tətbiqi sayəsində Naxçıvanda quşçuluq sahəsi davamlı inkişaf mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin təsdiq etdiyi aqrar sahəyə dair 2026–2030-cu illər üçün Dövlət Proqramı isə bu inkişafın daha da sürətlənməsi üçün yeni imkanlar açır. Müasir quşçuluq komplekslərinin yaradılması, damazlıq işinin genişləndirilməsi, istehsal və emal infrastrukturunun təkmilləşdirilməsi, eləcə də fermerlərə göstərilən dövlət dəstəyi sahənin rəqabət qabiliyyətini artırmaqla yanaşı, ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə də mühüm töhfə verəcək. Bu istiqamətdə həyata keçiriləcək tədbirlər nəticəsində Naxçıvanda quşçuluq təsərrüfatlarının istehsal gücü daha da artacaq, yeni məşğulluq imkanları yaranacaq və əhalinin yüksəkkeyfiyyətli, təhlükəsiz quşçuluq məhsulları ilə təminatı daha da yaxşılaşacaq.
Müxbir - Nail Əsgərov