Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib

Bakı, 21 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibə verib.

AZƏRTAC müsahibəni təqdim edir.

-Hörmətli cənab Prezident, Azərbaycan-Özbəkistan münasibətləri son illər dinamik şəkildə inkişaf edib və ən yüksək müttəfiqlik səviyyəsinə çatıb. Özbəkistana bu yaxınlarda gözlənilən dövlət səfəriniz ərəfəsində Siz ikitərəfli münasibətlərin hazırkı vəziyyətini və inkişaf perspektivlərini necə qiymətləndirirsiniz?

-İki qardaş ölkə - Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə, həmçinin birliyə, həmrəyliyə və xalqlarımızın əsrlərlə davam etdirdiyi, nəsildən-nəslə ötürdüyü dərin qarşılıqlı rəğbətə əsaslanır. Bu möhkəm bünövrə üzərində qurulan dövlətlərarası münasibətlər son illər misli görünməmiş inkişaf mərhələsinə qədəm qoyub, ən yüksək pilləyə - müttəfiqlik səviyyəsinə yüksəlib və tamamilə yeni məzmun qazanıb.

Özbəkistan Respublikasının Prezidenti, əziz qardaşım, hörmətli Şavkat Miromonoviç Mirziyoyev ilə mənim aramda mövcud olan səmimi dostluq, qarşılıqlı hörmət və etimad Azərbaycan-Özbəkistan qardaşlığının möhkəmlənməsində, dövlətlərarası əlaqələrin hazırkı səviyyəyə qaldırılmasında və müttəfiqliyimizin inkişafında xüsusi rol oynayır. Prezident Mirziyoyevin ölkələrimiz arasında qardaşlıq, birlik və müttəfiqlik naminə yorulmaz və qətiyyətli fəaliyyəti ona Azərbaycanda dərin hörmət və rəğbət qazandırıb.

Artıq qeyd etdiyim kimi, dövlətlərimiz arasında siyasi dialoq çox yüksək səviyyədədir. Sözsüz ki, son beş ildə ən yüksək səviyyədə müntəzəm 15 qarşılıqlı səfər və sıx təmaslarımız bu əlaqələrin dinamik inkişafı və möhkəmlənməsi üçün əlverişli şərait yaradır.

Bu, son beş ildə mənim üçüncü dövlət və ümumilikdə qardaş ölkəyə yeddinci səfərimdir. Gözəl və bənzərsiz Özbəkistana səfər etməkdən daim böyük məmnunluq duyuram və hər səfər mənim üçün xüsusi əhəmiyyətə malikdir. Ənənəvi olaraq bu səfərlər müstəsna qonaqpərvərlik, qardaşlıq, səmimiyyət və qarşılıqlı anlaşma mühitində baş tutur. Qardaş Özbəkistana səfərlərimdə məni ən çox sevindirən son illərdə ölkənin bütün sahələrdə sürətli inkişafıdır. Müasir şəhərlərin salınması, iqtisadiyyatın şaxələndirilməsi, genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi, elmə, təhsilə, mədəniyyətə və idmana göstərilən diqqət ölkənin yüksək inkişaf tempini əyani şəkildə nümayiş etdirir.

Özbəkistan lideri, əziz qardaşım, hörmətli Şavkat Miromonoviç Mirziyoyevin müdrik rəhbərliyi ilə ölkənin kompleks şəkildə inkişafı və tərəqqisi, həmçinin beynəlxalq nüfuzunun davamlı surətdə möhkəmlənməsi və bütün əsas sektorlarda əhəmiyyətli uğurlara nail olunması istiqamətində ardıcıl həyata keçirilən genişmiqyaslı fəaliyyət səmimi hörmət və dərin məmnunluq hissi doğurur. Bütün bunlar Prezidentin düşünülmüş siyasətinin, strateji vizyonunun və Vətənə sevgisinin, həmçinin səmərəli dövlət idarəçiliyinin nəticəsidir.

2024-cü ilin avqustunda mənim Özbəkistana dövlət səfərim, 2025-ci ilin iyulunda isə Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfəri oldu. Bu ikitərəfli səfərlər zamanı imzalanan çoxsaylı sənədlər, xüsusən “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və "Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki müstəqil, güclü və suveren dövlətimiz arasında təbii müttəfiqliyi rəsmi olaraq möhkəmləndirdi. Bu sənədlər ölkələrimiz arasında əlaqələrin hüquqi və siyasi əsaslarını daha da gücləndirdi və əməkdaşlığımızın gələcək inkişafı üçün yeni imkanlar açdı.

Bununla yanaşı, 2023-cü ilin avqust ayında təsis edilmiş Ali Dövlətlərarası Şura Azərbaycan ilə Özbəkistan arasında strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin dərinləşdirilməsi üçün mühüm institusional mexanizmə çevrildi. Bu platforma ölkələrimiz arasında uzunmüddətli əməkdaşlıq prioritetlərini müəyyənləşdirməyə, yeni təşəbbüslərin təşviqinə və müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətin səmərəli şəkildə əlaqələndirilməsinə xidmət edir. Şuranın artıq Daşkənddə və Bakıda keçirilən iki iclası Azərbaycan-Özbəkistan münasibətlərinin yüksək inkişaf tempini, siyasi dialoqun ardıcıllığını və ölkələrimizin perspektivə hesablanmış birgə fəaliyyət əzmini nümayiş etdirir.

Bu gün siyasi münasibətlərimiz iqtisadiyyat, investisiya, sənaye, nəqliyyat, logistika, enerji, kənd təsərrüfatı, təhsil, elm, mədəniyyət və humanitar sahələrdə genişmiqyaslı əməkdaşlıq tədbirləri ilə daha da zənginləşir. Həyata keçirilən layihələr ölkələrimizin iqtisadi potensialını birləşdirməklə yanaşı, xalqlarımız arasında dostluq və qardaşlıq bağlarını daha da möhkəmləndirir.

Əminəm ki, qarşıdakı səfər də ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın daha da genişləndirilməsi, yeni birgə təşəbbüslərin həyata keçirilməsi və müttəfiqlik münasibətlərimizin möhkəmləndirilməsi nöqteyi-nəzərindən böyük əhəmiyyətə malik olacaq.

-Azərbaycan-Özbəkistan münasibətlərinin mühüm istiqamətlərindən biri iqtisadi-ticari əməkdaşlıqdır. Bu sahədə əldə edilən uğurlar barədə nə deyə bilərsiniz?

-İqtisadi-ticari əməkdaşlığımız son illərdə sürətli inkişaf dinamikası nümayiş etdirir. Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki illə müqayisədə üç dəfədən çox artıb və 795 milyon dollar təşkil edib. Bu, əla göstəricidir. Bundan əlavə, 2026-cı ilin yanvar-may aylarında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 33 faiz artaraq 144 milyon dollara çatıb.

Üç il əvvəl 500 milyon ABŞ dolları məbləğində ümumi kapitalla təsis edilən Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti ölkələrimiz arasında investisiya əməkdaşlığının inkişafı üçün mühüm platformaya çevrilib. Şirkət həm Azərbaycanda, həm də Özbəkistanda iqtisadiyyatın müxtəlif sektorlarında perspektivli layihələrin maliyyələşdirilməsinə və həyata keçirilməsinə əhəmiyyətli töhfə verir.

Bundan əlavə, Hökumətlərarası Komissiya iqtisadi, ticari, investisiya və digər sahələrdə əlaqələrin inkişafında mühüm rol oynayır. Bu günə qədər komissiyanın 15 iclası keçirilib. Bu yaxınlarda Daşkənddə keçirilən son iclasda Azərbaycan-Özbəkistan iqtisadi-ticari əməkdaşlığının mövcud vəziyyəti, qazanılan nailiyyətlər və inkişafın gələcək istiqamətləri ətraflı müzakirə olunub.

Həmçinin energetika sektorunda əməkdaşlığımız fəal şəkildə inkişaf edir. Özbəkistanın OZLITINEFTGAZ institutu və “SOCAR NIPI Nefteqaz”ın bazasında yaradılan “Neftegaztexnologiya” birgə müəssisəsi 2016-cı ildən bəri neft-qaz sahəsində uğurla fəaliyyət göstərir. Bundan əlavə, 2024-cü ildə yaradılan SOCAR və “Özbəknefteqaz” SC arasında birgə müəssisə olan “Turan Energy AFEZCO” “Azərikimya” İstehsalat Birliyi tərəfindən istehsal olunan yüksəktəzyiqli polietilenin Özbəkistana ixracını həyata keçirir.

Yaşıl enerji sahəsində əməkdaşlığımız da davam edir. 2025-ci ildə Azərbaycan, Qazaxıstan və Özbəkistanın müvafiq energetika idarələri tərəfindən Bakıda “Yaşıl Dəhliz Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis olunub. Bu birgə müəssisə Azərbaycan-Mərkəzi Asiya yaşıl enerji dəhlizi layihəsinin həyata keçirilməsini, bərpaolunan enerji ixracını və onun Xəzər dənizinin dibi ilə nəqli imkanlarını əlaqələndirmək məqsədilə yaradılıb.

İki ölkə arasında tranzit daşımalarında artım müşahidə olunur. 2025-ci ildə daşımaların həcmi 6,7 faiz artıb və 1,4 milyon tona çatıb. Bu ilin yanvar-iyun aylarında da 12,2 faizlik artım qeydə alınıb və həmin göstərici 675 min ton təşkil edib.

Özbəkistan tərəfi ilə həyata keçirilən bir sıra birgə layihələr ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinə və yeni inkişaf imkanlarının yaradılmasına əhəmiyyətli töhfə verir. İşğaldan azad edilmiş Füzuli rayonunda “Dostluq bağı” adlandırılan 100 hektarlıq nar bağının salınmasını, həmçinin “Chevrolet” və “Isuzu” markalı avtomobillərin istehsalı sahəsində əməkdaşlığı bu istiqamətdə xüsusi qeyd etmək olar. Arayış üçün deyə bilərəm ki, 2026-cı il iyulun 13-nə olan məlumata görə, ümumilikdə “Chevrolet” markalı 10 min 720 avtomobil və “Isuzu” markalı 275 avtobus istehsal edilib.

Hazırda ölkəmizdə Özbəkistan investisiyalı 130-dan çox kommersiya təşkilatı qeydiyyatdan keçib və onlar müxtəlif iqtisadi sektorlarda - sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat və xidmət sahələrində uğurla fəaliyyət göstərirlər. Özbək şirkətlərinin Azərbaycanda fəaliyyəti ölkələrimiz arasında qarşılıqlı etimadın, əlverişli investisiya mühitinin və güclü iqtisadi tərəfdaşlığın göstəricisidir.

Azərbaycan ilə Özbəkistanın iqtisadi imkanları bir-birini tamamlayır və yeni əməkdaşlıq formatlarının yaradılması üçün geniş üfüqlər açır. Biz Azərbaycan şirkətlərinin Özbəkistanda və özbək şirkətlərinin Azərbaycanda daha fəal iştirakını, həmçinin birgə istehsal və investisiya layihələrinin sayının artmasını dəstəkləyirik.

Azərbaycan da Özbəkistanda investisiya layihələri həyata keçirir. Bu layihələr arasında “PASHA Holding” tərəfindən “The Ritz-Carlton” brendi altında Daşkənddə inşa edilən hotel və yaşayış kompleksini, həmçinin Daşkənd vilayətində “Sea Breeze Uzbekistan” böyük turizm və yaşayış kompleksini qeyd etmək olar.

Əminəm ki, qarşılıqlı faydaya əsaslanan iqtisadi tərəfdaşlığımız bundan sonra da uğurla inkişaf edəcək, yeni təşəbbüslərlə zənginləşəcək və Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətlərinin mühüm sütunlarından biri kimi xalqlarımızın rifahına xidmət edəcək.

-Sizin fikrinizcə, mədəni diplomatiya Azərbaycan-Özbəkistan dövlətlərarası əlaqələrinin möhkəmlənməsində hansı rolu oynayır?

-Azərbaycan ilə Özbəkistan arasında ortaq köklərə, dil və mədəni yaxınlığa, əsrlər boyu formalaşan mənəvi dəyərlərə əsaslanan mədəni və humanitar əməkdaşlıq münasibətlərin ayrılmaz və vacib sahəsidir. Bu sahədə həyata keçirilən əməkdaşlıq xalqlarımız arasında qarşılıqlı anlaşmanın, etimadın, dostluğun və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsinə mühüm töhfə verir, humanitar əlaqələri yeni məzmunla zənginləşdirir.

Xalqlarımızın qarşılıqlı səyləri və dövlətlərimizin birgə dəstəyi sayəsində son illərdə mədəni-humanitar əlaqələr uğurla inkişaf edir. Birgə keçirilən mədəniyyət günləri, incəsənət festivalları, elmi konfranslar, ədəbi nəşrlər və təhsil proqramları iki ölkə arasında mədəni və humanitar gündəliyin möhkəmlənməsində xüsusi rol oynayır.

2023-cü və 2025-ci illərdə Azərbaycan Özbəkistan Mədəniyyəti Günlərinə, 2024-cü ildə Özbəkistan Azərbaycan Mədəniyyəti Günlərinə ev sahibliyi edib, həmin il Xivə şəhərində “Şuşa Günləri” keçirilib. Özbəkistandan gələn geniştərkibli nümayəndə heyəti Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsində iştirak edib.

Biz fəxr edirik ki, qardaş ölkəmizin ən qədim və nüfuzlu ali təhsil müəssisələrindən biri olan Özbəkistan Milli Pedaqoji Universiteti dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyır.

Keçən il əziz qardaşım Prezident Şavkat Miromonoviçlə birlikdə Bakının mərkəzində təməlini qoyduğumuz 5 hektar sahəsi olan “Özbəkistan” parkı qardaşlığımızın daha bir rəmzinə çevriləcək.

Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən təşəbbüslər və layihələr iki ölkə arasında mədəni və humanitar əməkdaşlığın genişləndirilməsində böyük əhəmiyyətə malikdir.

Təhsil sahəsində əməkdaşlıq Azərbaycan ilə Özbəkistan arasında mədəni-humanitar tərəfdaşlığın aparıcı sahələrindən biri kimi çıxış edir. 2025-2026-cı tədris ilində Özbəkistanın 67 vətəndaşı Azərbaycanda, Azərbaycanın 176 vətəndaşı isə Özbəkistanda təhsil alıb.

Özbəkistanın təşəbbüsü ilə inşa edilən və Füzuli şəhərində fəaliyyət göstərən Mirzə Uluqbəy adına orta məktəb təhsil sahəsində əməkdaşlığın ən parlaq nümunələrindən biridir və ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin daha bir təzahürüdür. Bu nəcib təşəbbüsə, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə bərpa və tikinti işlərinə göstərilən dəstəyə görə bütün Özbəkistan xalqına və şəxsən Prezident Şavkat Mirziyoyevə səmimi minnətdarlığımızı bildiririk.

Bundan əlavə, media sektorunda əməkdaşlıq mühüm nəticələrlə yadda qalıb. 2024-cü il sentyabrın 23-25-də Daşkənddə 1-ci Özbəkistan-Azərbaycan Media Forumu, 2025-ci il sentyabrın 29-da isə Bakıda 2-ci Azərbaycan-Özbəkistan Media Forumu keçirilib. 2023-cü ildə Füzulidə 1-ci Azərbaycan-Özbəkistan QHT Əməkdaşlıq Forumu, 2024-cü ildə isə Daşkənddə 2-ci Özbəkistan-Azərbaycan QHT Əməkdaşlıq Forumu təşkil olunub. Bu forumların praktik nəticəsi olaraq, 2026-cı ildə iki qardaş ölkə birlikdə ilk dəfə QHT-lər üçün qrant müsabiqəsi elan edib. Həmin müsabiqənin nəticələrinə əsasən, Azərbaycandan qalib layihələr Özbəkistanda, Özbəkistandan qalib layihələr isə Azərbaycanda həyata keçiriləcək.

Özbəkistandan Azərbaycana turist səfərlərində artım müşahidə olunur. Ölkəmizi 2024-cü ildə 46 min, 2025-ci ildə 62 min, 2026-cı ilin yanvar-avqust aylarında isə 44 min Özbəkistan vətəndaşı ziyarət edib.

Regionlararası əməkdaşlığın uğurlu inkişafını xüsusi qeyd etmək olar. Bakı-Daşkənd, İsmayıllı-Riştan, Şuşa-Xivə, Lənkəran-Buxara, Şəki-Kokənd, Biləsuvar-Termez, Mingəçevir-Namanqan, Füzuli-Gülüstan, Quba-Cizak və Beyləqan-Şəhrisəbz şəhərləri arasında qardaşlaşmış şəhər və tərəfdaşlıq münasibətləri qurulub. Naxçıvan və Ürgənc arasında yaxın vaxtlarda qardaşlaşmış şəhər münasibətlərinin qurulması planlaşdırılır. Bu gün xalqlarımızı daha da yaxınlaşdıran, ortaq tarixi, mədəni və mənəvi dəyərləri qoruyan, gələcək nəsillər arasında dostluğu və qarşılıqlı etimadı gücləndirən əməkdaşlıq üçün mühüm platformalardan biri olan Azərbaycan ilə Özbəkistan arasında qardaşlaşmış şəhər təşəbbüsləri xüsusilə əhəmiyyətlidir.

Beləliklə, Azərbaycan ilə Özbəkistan arasında mədəni-humanitar əməkdaşlıq təkcə ikitərəfli münasibətlərin vacib sahəsi deyil, həm də ortaq dəyərlərimizi, zəngin mədəni irsimizi və xalqlarımız arasındakı qardaşlıq bağlarını qoruyan gələcəyə yönəlmiş strateji humanitar körpüdür.

-Hörmətli cənab Prezident, Azərbaycan və Özbəkistan beynəlxalq platformalarda da səmərəli əməkdaşlıq edir. Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində bu əməkdaşlığı necə qiymətləndirirsiniz və Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın inkişaf perspektivləri barədə nə deyə bilərsiniz?

-Ölkələrimizin həm ikitərəfli, həm də çoxtərəfli formatlarda mühüm məsələlərin həlli üzrə birgə səyləri yüksək qiymətə layiqdir. İki qardaş ölkənin - Azərbaycanın və Özbəkistanın bütün məsələlərdə bir-birini daim dəstəkləməsi faktı qürur hissi doğurur.

Azərbaycan ilə Özbəkistan arasında Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir. Ötən il Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirildi. Təşkilat çərçivəsində əməkdaşlığa dair əsas məsələlər müzakirə edildi və TDT-nin möhkəmləndirilməsi, Türk dünyasında daha sıx birliyin təmin edilməsi, onun siyasi, iqtisadi və hərbi gücünün artırılması, həmçinin qlobal arenada təsir və güc mərkəzinə çevrilməsi məqsədilə bəyannamələr imzalandı.

Azərbaycan və Özbəkistan TDT-ni təkcə dövlətlərarası əməkdaşlıq platforması kimi deyil, həm də ortaq tariximizi, mədəniyyətimizi və mənəvi dəyərlərimizi gələcəyə daşıyan mühüm birlik kimi dəyərləndirir.

Azərbaycanın və Özbəkistanın TDT daxilində siyasi dialoqun, iqtisadi əlaqələrin, nəqliyyat və logistika imkanlarının, təhsil, elm və mədəni-humanitar sahələrdə əməkdaşlığın inkişafına verdikləri töhfə türk dövlətləri arasında inteqrasiyanın daha da dərinləşməsinə xidmət edir.

Əməkdaşlığımız, xüsusən də nəqliyyat və logistika sahəsində qarşılıqlı fəaliyyətimiz böyük perspektivlər vəd edir. Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada mövqeyi ölkələrimizi Şərqlə Qərbi birləşdirən mühüm strateji marşrutlarda təbii tərəfdaşlara çevirir. Bu baxımdan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP ilə inteqrasiyası bütün region üçün yeni iqtisadi və tranzit imkanları yaradacaq.

Azərbaycan ilə Özbəkistanın ortaq türk irsinin qorunması və təşviqi istiqamətində həyata keçirdikləri təşəbbüslər bu böyük mənəvi irsin gələcək nəsillərə ötürülməsi baxımından misilsiz əhəmiyyətə malikdir.

Ölkələrimiz digər türk təşkilatları çərçivəsində əməkdaşlığa da böyük əhəmiyyət verir. Özbəkistanın 2025-ci ilin may ayında Türk Mədəniyyəti və İrsi Fondunun tamhüquqlu üzvü qəbul edilməsi əhəmiyyətli və dərin məmnunluq doğuran hadisə oldu. Zəngin tarixi irsə, qədim dövlətçilik ənənələrinə və özünəməxsus mədəni dəyərlərə malik Özbəkistanın bu Fonda qoşulması Türk dünyasının ortaq irsinin qorunması və təşviqi sahəsində əməkdaşlıq imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək.

Beləliklə, ölkələrimizin TDT, həmçinin digər türk təşkilatları çərçivəsində fəal əməkdaşlığı Türk dünyasının daha sıx inteqrasiyasına və beynəlxalq arenada vahid mövqeyinin möhkəmlənməsinə töhfə verməyə davam edəcək.

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinə gəldikdə qeyd etmək lazımdır ki, son illərdə bu əlaqələr müttəfiqlik, strateji tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında dinamik şəkildə inkişaf edib. Tarixi və mədəni yaxınlıq, ortaq mənəvi dəyərlər kimi mühüm amillər Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında mövcud əlaqələrin möhkəm təməlini təşkil edir.

Azərbaycan Mərkəzi Asiya ölkələri ilə siyasi dialoqun genişləndirilməsinə, iqtisadi əlaqələrin dərinləşdirilməsinə, nəqliyyat və kommunikasiya imkanlarının artırılmasına, həmçinin enerji və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verir. Bu baxımdan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşləri regional əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi və birgə təşəbbüslərin müzakirəsi üçün çox vacib nüfuzlu platformalardan biridir.

Keçən ilin noyabrında Daşkənddə Özbəkistanın sədrliyi ilə keçirilən 7-ci Məşvərət Görüşündə Azərbaycan Respublikasının Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakı ilə bağlı qərar qəbul edildi. Bu prosesdə göstərdikləri dəstəyə görə Özbəkistan Respublikasının Prezidentinə, həmçinin Mərkəzi Asiyanın digər dövlət başçılarına bir daha səmimi təşəkkürümü bildirirəm.

Azərbaycanın bu prosesə fəal qoşulması nəticəsində əvvəllər “C5” adlanan əməkdaşlıq formatı faktiki olaraq “C6” formatına çevrilib, regional dialoq və strateji tərəfdaşlıq isə yeni məzmun və miqyas qazanıb.

Azərbaycanın bu formatda tamhüquqlu iştirakı ölkəmizin Mərkəzi Asiya ilə münasibətlərə verdiyi strateji əhəmiyyəti nümayiş etdirir. Məşvərət görüşləri çərçivəsində aparılan diskussiyalar region ölkələri arasında qarşılıqlı etimadı daha da gücləndirməyə, yeni əməkdaşlıq sahələrini müəyyənləşdirməyə və regional inkişaf naminə mühüm təşəbbüsləri həyata keçirməyə imkan verir.

Həmçinin Azərbaycanın bu formatda iştirakı ölkəmizin regionlararası əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfənin göstəricisidir. Bu platforma çərçivəsində yaradılmış dialoq və əməkdaşlıq mexanizmləri təkcə dövlətlərarası münasibətlərin inkişafına deyil, həm də Avrasiya məkanında sülhün, sabitliyin və davamlı tərəqqinin təmin olunmasına xidmət edir.

Beləliklə, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında formalaşan hərtərəfli əməkdaşlıq qarşılıqlı hörmət, etimad və ortaq maraqlar üzərində qurulmuş strateji tərəfdaşlığın nümunəsidir.

Azərbaycan və Özbəkistan, həmçinin üzv və iştirakçı olduqları bütün beynəlxalq təşkilatlarda və çoxtərəfli platformalarda, xüsusən də BMT, İƏT, TDT, İqtisadi Əməkdaşlıq Təşkilatı, AQEM və Qoşulmama Hərəkatı çərçivəsində səmərəli əməkdaşlıq edir.

-Hörmətli cənab Prezident, maraqlı və məzmunlu müsahibəyə görə Sizə təşəkkür edirəm. Özbəkistana dövlət səfəriniz ərəfəsində Siz qardaş xalqa nə arzu etmək istərdiniz?

-Bu gözəl imkandan istifadə edərək, qardaş Özbəkistan xalqını ölkənin dövlət müstəqilliyinin qarşıdan gələn 35-ci ildönümü münasibətilə səmimi-qəlbdən təbrik etmək, dərin hörmətimi və ən xoş arzularımı çatdırmaq, sülh, əmin-amanlıq, tərəqqi və yeni-yeni nailiyyətlər arzulamaq istərdim.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan millisi Andorra ilə yoldaşlıq oyunu keçirəcək

Bu saata olan əsas xəbərlər

Azərbaycan boks millisi Avropa çempionatını 2 medalla başa vurub

® Yüksək peşəkarlığı, zəngin təcrübəsi və məsuliyyətli yanaşması ilə tanınan həkim

İstirahət forması niyə dəyişir: insanlar asudə vaxtlarını necə keçirirlər?

Beynəlxalq Enerji Agentliyinin rəhbəri dizel və reaktiv yanacaq böhranı barədə xəbərdarlıq edib

Tokayev qarşıdan gələn Qurultay seçkilərini tarixi hadisə adlandırıb

Turizmin gələcək kadrları iş yerində yetişir – DUAL TƏHSİLİN YENİ ÜNVANI

TƏBİB immunizasiya tədbirlərini davam etdirir

Voleybol üzrə Avropa çempionatı: Azərbaycan - Portuqaliya oyunu başlayıb

MİQ üzrə müsahibə tarixləri açıqlanıb

İki mədəniyyət arasında körpü: Batumidə yeni üfüqlər

Bakı ilə Daşkənd arasında formalaşan münasibətlər ikitərəfli əməkdaşlıqdan daha geniş məna daşıyır - ŞƏRH

Hazırda Körfəzdəki tankerlərdə 41 milyon barel neftin qaldığı bildirilir

Bakı, Gəncə və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Səfir: Axıska türklərinə həsr olunmuş sərgi Azərbaycan və Türkiyənin bu məsələyə həssas münasibətini göstərir

Ekspert: Yeni Dövlət Proqramı turizm sektorunun inkişafına əlavə stimul verəcək

Bakıda voleybol üzrə Avropa çempionatının açılış mərasimi keçirilib

Azərbaycan və Qırğızıstan Ali məhkəmələri arasında əməkdaşlıq genişləndiriləcək

Xocavənddə mina partlayıb, 1 nəfər yaralanıb

Şahzadə Harri və daha 6 məşhur şəxs “Daily Mail”in naşirinə ilkin olaraq 9,5 milyon funt sterlinq ödəməlidir

İğdır Azərbaycan Evində “Her Yönüyle Iğdır” kitabının təqdimatı keçirilib

“AzInTelecom” MMC kibertəhlükəsizlik sahəsində beynəlxalq nüfuza malik "FIRST" təşkilatına üzv qəbul edilib

Azərbaycan–Özbəkistan əlaqələri yeni regional düzənin formalaşmasına xidmət edir - ŞƏRH

Axıska türklərinin yaşadığı tarixi hadisələrin Türk dünyasına çatdırılması vacibdir

DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycanlı jurnalistlər Özbəkistanın "Amirsay" və "Beldersay" kurortlarında olublar

Premyer Liqada II turun hakim təyinatları açıqlanıb

TRIPP Naxçıvanın iqtisadi xəritəsini necə dəyişəcək? – ŞƏRH

Qazaxıstanda rəqəmsal dövlət resurslarına giriş müvəqqəti mümkün olmayıb

Sazın və sözün birliyi: Ərzurumda Türk dünyasının aşıq sənəti təbliğ olunub

Kənd təsərrüfatı naziri Qobustanda vətəndaşların müraciətlərini dinləyəcək

Qırğızıstan Ali Məhkəməsinin sədr müavini: Azərbaycan təcrübəsini ölkəmizdə reallaşdıracağıq VİDEO

Qırğızıstan Ali Məhkəməsinin sədr müavini: Azərbaycan təcrübəsini ölkəmizdə reallaşdıracağıq VİDEO

Samuxda zəruri baytarlıq-sanitariya tədbirləri həyata keçirilib

Səidə Sübhi: Natəvanın poeziyası fərdi yaşantıların zamansızlığını göstərir

® PAŞA Holding “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir

Xalid Xəlilov: Axıska türklərinin tarixinin Azərbaycan xalqına çatdırılması böyük əhəmiyyət daşıyır

Yardımlıda akrobatika və aerobika gimnastikası üzrə Azərbaycan çempionatlarına yekun vurulub

Agentlik: Valideynlərin hər hansı satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir

Prezidentin UzA-ya müsahibəsi: Özbəkistanla əlaqələrə dair strateji mesajlar – TƏHLİL

Nəqliyyat və infrastruktur üzrə 62 yeni dövlət standartı layihəsi qəbul edilib

Beste Gürsu: Sərgi Axıska türklərinin tarixini təqdim edir

“Bitcoin”in qiyməti üç ayın maksimumuna yüksəlib

Davam edən mina terroru: Beynəlxalq ictimaiyyət fəlakətin miqyasına biganə qalmamalıdır- ŞƏRH

Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq genişlənir - ŞƏRH

Atçılığın konkur növü üzrə yay birinciliyinə start verilib

Xan qızının böyük arzusu: Şuşaya su necə çəkildi?

ADY dəmiryol keçidlərində sürücü və piyadaları diqqətli olmağa çağırıb

Səadət Yusifova: “Axıska türkləri – itmiş sürgünün izində” sərgisi tarixi yaddaşın qorunmasına xidmət edir

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 medal qazanıb

Ziyəddin Kassanov: Azərbaycan Axıska türklərinə hər zaman sahib çıxıb

Qış mövsümü Avropada təbii qazın qiymətlərinin artması müşayiət olunacaq

Deputat: Yeni güzəşt mexanizmi qeyri-neft-qaz ixracının artmasına imkan verəcək 

Süni intellekt və təhsilin rəqəmsal transformasiyası

Azərbaycandan Özbəkistana məhsul ixracının dəyəri 2 dəfədən çox artıb

Gürcüstanın dəniz limanları ikinci rübdə 4700 sərnişinə xidmət göstərib

Marin Lö Penin borc ittihamı Fransada siyasi qarşıdurmanı qızışdırıb

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş poçt markası təqdim edilib

Britaniyanın dövlət borcu 3 trilyon funt sterlinqə yaxınlaşıb

“Sea Breeze Uzbekistan”: Çarvak sahilində yeni möhtəşəm kurort VİDEO

“Sea Breeze Uzbekistan”: Çarvak sahilində yeni möhtəşəm kurort VİDEO

Almaniyada avtomobil piyada zonasına daxil olub, 8 nəfər xəsarət alıb

TİKA ilə Bolnisidəki Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi arasında əməkdaşlıq genişləndiriləcək

AzTU tələbələri ABŞ-də 6 medal və xüsusi mükafat qazanıblar

Zaur Qardaşov: TRIPP Azərbaycan sahibkarları üçün yeni biznes modeli təklif edir – MÜSAHİBƏ VİDEO

Zaur Qardaşov: TRIPP Azərbaycan sahibkarları üçün yeni biznes modeli təklif edir – MÜSAHİBƏ VİDEO

Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi üzrə işçi görüş olub

Avropa Xəbər Agentlikləri Alyansı 70 illiyini qeyd edir

Birol Akgün: Axıska türklərinin taleyi XX əsrin ağır deportasiya faciələrindən biridir

Sahibkarlar yeni dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılıblar

Bakıda Belçikanın müstəmləkəçilik irsinə dair beynəlxalq konfrans keçirilib -  YENİLƏNİB VİDEO

Bakıda Belçikanın müstəmləkəçilik irsinə dair beynəlxalq konfrans keçirilib - YENİLƏNİB VİDEO

HTP qalibi: Çin dilinə marağım məni yenidən Şanxaya aparır

Fransada tufan olub, 26 min ev elektrik enerjisiz qalıb

® 5 limitlə işləriniz dayanmasın, “Birbank”ın “Sahibkar” və “Biznes” kartları ilə ödənişləri limitsiz qəbul edin

Nazirlik: 261 dövlət qurumu və təşkilatının nümayəndələri “e-mühasibat” təlimlərinə cəlb olunub

Bakıda “Ahıska türkləri – itmiş sürgünün izində” sərgisi açılıb

“Аzərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkmənistanın Dövlət Gömrük Xidməti arasında qarşılıqlı ticarətin gömrük statistikası sahəsində əməkdaşlıq haqqında Protokol”un təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında energetika sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Naxçıvan Dövlət Kukla Teatrı yeni mövsümə yeni tamaşalarla hazırlaşır

“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında iqtisadi əməkdaşlığın inkişafı və dərinləşdirilməsinin əsas istiqamətləri haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Çempionlar Liqası: “Sabah” – “Hapoel” matçına 15 min bilet satılıb

Son yüz ilin ən güclü “El-Nino”su Britaniyaya fırtınalı payız gətirə bilər

Dünyanın ən yaşlı insanı 117 yaşını qeyd edir

Böyük Qayıdış: Xankəndidə, Xocalıda və Ağdərədə daha 87 ailəyə mənzillərin açarları verilib VİDEO

Böyük Qayıdış: Xankəndidə, Xocalıda və Ağdərədə daha 87 ailəyə mənzillərin açarları verilib VİDEO

Şahzadə Harri “Daily Mail”in naşirinə milyonlarla funt ödəyə bilər

UNEC klubunun prezidenti: Yeni mövsümdə ilk üçlükdə yer almağı hədəfləyirik - MÜSAHİBƏ

“Könüllülər koalisiyası” üzvlərinin növbəti görüşü avqustun 24-də olacaq

Azərbaycanda yaşı 16-dan az olan şəxslərin sosial şəbəkələrə girişinin qadağan edilməsi dəstəklənir – SORĞU

“New Silk Way” biznes forumunda nəqliyyat dəhlizlərinin inkişafı müzakirə ediləcək

Mingəçevir Dövlət Universiteti turizm mütəxəssislərinin hazırlanması istiqamətində fəaliyyətini genişləndirəcək

Maliyyə təşkilatları adından saxta kredit səhifələri yaradan şəxs saxlanılıb VİDEO

Maliyyə təşkilatları adından saxta kredit səhifələri yaradan şəxs saxlanılıb VİDEO

Səhiyyə Nazirliyi: Samuxda qarayara ilə bağlı epidemioloji vəziyyət stabildir

Azərbaycanda 21 avqust - 21 sentyabr “Sülh Aylığı” elan edilib

Ötən ay Türkiyədə 78 güclü meteoroloji hadisə qeydə alınıb

DİN zabit heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

Kəlbəcərin dəvəgözü yataqlarında beynəlxalq arxeoloji tədqiqat aparılıb

İmişlidə Birinci Qarabağ müharibəsinin itkin şəhidi Mürşüd Nərimanovla vida mərasimi keçirilib VİDEO

İmişlidə Birinci Qarabağ müharibəsinin itkin şəhidi Mürşüd Nərimanovla vida mərasimi keçirilib VİDEO

Prezident: Azərbaycanın “C6” formatında iştirakı ölkəmizin regionlararası əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfənin göstəricisidir

Prezident İlham Əliyev: Azərbaycanla Özbəkistan TDT-ni ortaq tariximizi və mədəniyyətimizi gələcəyə daşıyan birlik kimi dəyərləndirir

BDU-nun 220 yerlik “Tələbə evi” müasir standartlara cavab verir