Ziyəddin Kassanov: Azərbaycan Axıska türklərinə hər zaman sahib çıxıb
Bakı, 21 avqust AZƏRTAC
Milli Azərbaycan Tarix Muzeyində keçirilən bugünkü sərgi Axıska türkləri ilə Azərbaycan türklərinin nə qədər yaxın və doğma olduğunu bir daha nümayiş etdirir. Azərbaycan Axıska türklərinin ən çətin günlərində hər zaman onların yanında olub.
Bu fikirləri “Axıska türkləri – itmiş sürgünün izində” sərgisi çərçivəsində AZƏRTAC-a müsahibəsində Dünya Axıska Türkləri Birliyinin baş direktoru Ziyəddin Kassanov söyləyib. O, bu sərginin Azərbaycan və Axıska türkləri arasındakı qardaşlıq münasibətlərinin daha bir göstəricisi olduğunu bildirib.
Z.Kassanov qeyd edib ki, 1989-cu ildə Fərqanə hadisələrindən sonra 100–150 min Axıska türkü Azərbaycana gəlib. Azərbaycan həmin dövrdə Axıska türklərinə sahib çıxaraq onların məskunlaşması üçün torpaq ayırıb, evlər tikib, işlə təmin olunmalarına şərait yaradıb.
“Bu gün Azərbaycanda 100 mindən çox Axıska türkü yaşayır. Onlar özlərini burada öz evlərində, öz qardaşlarının yanında hiss edirlər. Axıska türkləri Birinci və İkinci Qarabağ müharibələrində döyüşüblər. Onların arasında Azərbaycanın Milli qəhrəmanları da var”, – deyə müsahibimiz vurğulayıb.
Z.Kassanov Azərbaycanın Axıska türklərinə göstərdiyi diqqət və qayğıda Ümummilli Lider Heydər Əliyevin xüsusi rolunu qeyd edib. Xatırladıb ki, Ulu Öndər Axıska türklərinin Azərbaycanda təhsil alması və onların cəmiyyətə inteqrasiyası üçün mühüm imkanlar yaradıb.
“Əgər bu gün Axıska türkləri 9 ölkədə yaşayırsa, onların arasında ən savadlı və yüksək səviyyədə təhsil almış insanların ən çox olduğu ölkə Azərbaycandır. Bu da Ulu Öndərin Axıska türklərinə yardım proqramının nəticəsidir”, – deyə müsahibimiz vurğulayıb.
Dünya Axıska Türkləri Birliyinin baş direktoru Prezident İlham Əliyevə və bütün Azərbaycan xalqına Axıska türkləri adından təşəkkürünü bildirib.