Yardımlıda akrobatika və aerobika gimnastikası üzrə Azərbaycan çempionatlarına yekun vurulub
Bakı, 21 avqust, AZƏRTAC
Yardımlı Olimpiya İdman Kompleksində akrobatika gimnastikası üzrə 31-ci, aerobika gimnastikası üzrə isə 10-cu ölkə çempionatı keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışlarda müxtəlif yaş kateqoriyalarında gimnastlar bacarıqlarını nümayiş etdirərək ölkə çempionu adı uğrunda mübarizə aparıblar. Akrobatika gimnastikası üzrə yarış proqramına uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında müxtəlif kompozisiyalar – balans, temp və qarışıq hərəkətlər daxil edilib.
Yarışın ilk günündə akrobatika gimnastikası üzrə balans və temp hərəkətləri, ikinci günündə isə qarışıq hərəkətlər üzrə çıxışlar keçirilib.
Uşaqlar arasında qadın cütlüyü proqramında Əhmədova İlahə və Qurbanova Fidan (BGM 3 komandası) qızıl medal qazanıb. Məmmədli Mədinə və Məmmədova Melisa (BGM 1) gümüş, Bağızadə Mədinə və İsazadə Dafnə (“Neftçi 3”) isə bürünc medala layiq görülüb.
Yeniyetmələr arasında qadın qrupu proqramında birinci yeri Hacılı Ayan, Məmmədova Aylin və Qasımzadə Firuzə (BGM 4) tutub. Əlicanova Aişə, Xəlilzadə Canan və Ağaverdiyeva Zəhra (BGM 3) gümüş, Əliyeva Əzizə, Həsənova Nazrin və Tasoyeva Kamilla (BGM 1) isə bürünc medal qazanıb.
Çempionat çərçivəsində aerobika gimnastikası üzrə də maraqlı mübarizə baş tutub. Avqustun 20-də aerobika gimnastikasının müxtəlif proqramları üzrə fərdi çıxışlar, üçlüklər, qarışıq cütlük və qruplar arasında yarışlar keçirilib.
Gənclər arasında fərdi qadınlar proqramında Ağayeva Ayan qızıl medala sahib olub. İbrahimova Fidan gümüş, Mustafayeva Əminə isə bürünc medal qazanıb.
Mükafatlandırma mərasimində iştirak edən Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov qalibləri medal və diplomla təltif edib.
Beləliklə, iki gün davam edən ölkə çempionatı gimnastların hazırlıq səviyyəsinin, texniki bacarıqlarının və komanda işinin nümayiş etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.