AZEMBA proqramı ölkədə qabaqcıl təhsil imkanlarının genişləndirilməsinə xidmət edir
Bakı, 21 sentyabr, AZƏRTAC
“PAŞA Holdinq”, SOCAR və İspaniyanın nüfuzlu IE Universiteti ilə strateji tərəfdaşlığı, Elm və Təhsil Nazirliyi və İqtisadiyyat Nazirliyinin dəstəyi çərçivəsində Bakıda Liderlik və İnnovasiya üzrə IE Mərkəzinin AZEMBA proqramının açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, AZEMBA proqramı Azərbaycanda liderlik bacarıqlarının inkişafına, insan kapitalının gücləndirilməsinə və beynəlxalq təcrübənin ölkəyə gətirilməsinə töhfə verməyi hədəfləyir.
Proqram çərçivəsində iştirakçılar rəqəmsal transformasiya, süni intellekt, dayanıqlı inkişaf, innovasiya, liderlik və müasir idarəetmə kimi istiqamətlər üzrə beynəlxalq təcrübəyə əsaslanan təhsil alacaqlar. AZEMBA proqramı azərbaycanlı peşəkarların qlobal akademik və biznes ekosisteminə inteqrasiyasına, eləcə də ölkədə qabaqcıl təhsil imkanlarının genişləndirilməsinə xidmət edir.
Açılış mərasimində çıxış edən “PAŞA Holdinq”in baş icraçı direktoru Cəlal Qasımov bildirib ki, bu proqramın ilk iştirakçı qrupunun təhsilə başlaması “PAŞA Holdinq”in insan fəlsəfəsi çərçivəsində həyata keçirdiyi insan kapitalına uzunmüddətli investisiyanın növbəti mərhələsidir: “Biz inanırıq ki, gələcəyin iqtisadi və biznes mühiti yalnız texnologiya və maliyyə kapitalı ilə deyil, dəyişiklikləri idarə edə bilən, yeni yanaşmaları mənimsəyən və beynəlxalq təcrübəni yerli reallıqlarla birləşdirə bilən liderlərlə formalaşır. Əminəm ki, AZEMBA iştirakçıları əldə etdikləri bilik və təcrübədən istifadə etməklə çalışdıqları təşkilatlarda yeni düşüncə və yanaşmaların formalaşmasına, eyni zamanda ölkəmizin cəmiyyətinə və iqtisadiyyatının dayanıqlı inkişafına töhfə verən peşəkarlar olacaqlar”.
SOCAR-ın artıq ənənəvi neft-qaz şirkətindən sürətlə, sistemli şəkildə şaxələndirilmiş və inteqrasiya olunmuş enerji şirkətinə çevrildiyini söyləyən SOCAR-ın vitse-prezidenti Zaur Qurbanov deyib: “AZEMBA proqramının real dəyəri yalnız məzunların sayı ilə deyil, əldə olunan biliklərin, ideyaların və yeni baxışların daha düzgün qərarlara, daha güclü komandalara və yeni təşəbbüslərə necə çevrilməsi ilə ölçüləcək. Bizim gözləntimiz iştirakçıların sadəcə MBA proqramını başa vuraraq diplom əldə etməsi deyil. Biz onların yeni suallar, yeni baxışlar və mövcud iş üsullarına fərqli yanaşmalarla geri qayıtmalarını gözləyirik. İnanırıq ki, iştirakçılar öz təşkilatlarında biliklərin yayılmasına töhfə verən şəxslərə və yeni nəsil liderliyin təmsilçilərinə çevriləcəklər”.
IE Universitetinin Korporativ Əlaqələr üzrə icraçı sədri Villiam Davila Valeri qeyd edib ki, məqsədimiz sadəcə Madriddən Bakıya proqramlar gətirmək deyil. Biz dinləmək, öyrənmək, bu ölkənin və onun təşkilatlarının prioritetlərini, çağırışlarını anlamaq istəyirik. Təxminən 50 il əvvəl IE Madriddə nisbətən kiçik bir biznes məktəbi kimi fəaliyyətə başlayıb: “Bu gün isə biz Azərbaycanın aparıcı təşkilatları və qurumları ilə birlikdə MBA proqramının açılışını edirik. Biz təşkilatlara öz istedadlarını inkişaf etdirməyə, liderliyi möhkəmləndirməyə, transformasiyaya yön verməyə və mürəkkəb strateji çağırışları həll etməyə kömək edirik. Təhsil, tədqiqat və real dünya arasındakı bu əlaqə kimliyimizin əsas hissəsidir”.
IE Universitetinin dekan müavini Lusia Eheya vurğulayıb ki, AZEMBA proqramı üzrə nəzərdə tutulan 4 modul sessiya Bakıda, bir sessiya isə Madriddə təşkil olunacaq. Proqram hazırlanarkən rəhbərlik və dövlət qurumları ilə ətraflı müzakirələr aparılıb: “Bu müzakirələr nəticəsində proqramın akademik əsasları saxlanılmaqla, yerli mühitə uyğunlaşdırılması təmin edilib. Proqramda şirkətlər üçün ayrıca korporativ istiqamətlər də hazırlanıb. SOCAR üçün enerji keçidinə, “PAŞA Holdinq” üçün isə süni intellekt dövründə müştəri yönümlülüyə xüsusi diqqət yetiriləcək. İştirakçılar tədris müddətində müxtəlif öyrənmə formatlarından yararlanacaqlar. Buraya əyani sessiyalar, canlı onlayn dərslər, sinxron tapşırıqlar, fərdi refleksiya saatları, qrup işləri, keyslər və tətbiqi layihələr daxildir. Tətbiq olunacaq müxtəlif tədris üsulları iştirakçıların tənqidi düşünmə və düzgün mühakimə yürütmə bacarıqlarının inkişafına yönəlib”.
Xatırladaq ki, ilk iştirakçı qrupunun proqram üzrə təhsilə başlaması “PAŞA Holdinq”, SOCAR və IE Universiteti arasında 2026-cı ilin aprelində imzalanmış strateji tərəfdaşlığın növbəti mərhələsidir. Proqrama 850-dən çox müraciət daxil olub və seçim prosesinin yekununda 40 nəfər ilk iştirakçı qrupuna qəbul olunub.