Hüquqi baza formalaşdırıldıqdan sonra yerli bazarda da sukuk alətini emissiya etmək mümkün olacaq VİDEO
Bakı, 22 oktyabr, AZƏRTAC
AZƏRTAC xəbər verir ki, bunu “PAŞA Kapital”ın baş icraçı direktoru İsi Mustafayev 3-cü İslam Maliyyə Forumunda çıxışı zamanı bildirib.
“Beynəlxalq İslam Maliyyə Hesabatlığının sentyabr ayında dərc olunan buraxılışına nəzər salsaq, sukuk alətinin dünya üzrə ümumi dövriyyəsinin 1 trilyon dolları keçdiyini görərik. Təkcə 2026-cı ildə orta hesabla 300 milyard dollaradək yeni istiqraz buraxılıb. Bu istiqrazlar əsasən dövlət qurumları tərəfindən emissiya edilib. Emissiya strukturuna nəzər salsaq, buraxılışların 72 faizinin dövlət və dövlətlə əlaqəli qurumların, eləcə də kvazidövlət fondlarının payına düşdüyünü görərik. Ölkələr üzrə bölgüdə Malayziya üstünlük təşkil edir, ikinci yerdə isə Səudiyyə Ərəbistanı qərarlaşır. Sevindirici haldır ki, qonşumuz və qardaş ölkə Türkiyənin də sukuk bazarında əhəmiyyətli mövqeyi var. Hazırda dünyada dövriyyədə olan sukukların təxminən 20 milyard dollarlıq hissəsi Türkiyənin payına düşür”, - deyə o qeyd edib.
"Azərbaycanda təəssüf ki, bu alət hələ emissiya edilmir. Bunun bir sıra hüquqi səbəbləri mövcuddur. Əminəm ki, hüquqi baza tam formalaşdırıldıqdan sonra Azərbaycanda da bu tip maliyyə alətlərinin buraxılışı genişlənəcək. Ümumiyyətlə, İslam maliyyəsi daha çox real sektora yönəlmiş bir sistemdir. Bu gün emissiya olunan qiymətli kağızların böyük əksəriyyəti infrastruktur layihələrinin maliyyələşdirilməsinə yönəldilir. “PAŞA Kapital” olaraq müştərilərimizə yerli bazarda sukuk olmasa da, xarici bazarlarda mövcud olan sukuk alətlərini təklif edirik. Bu gün inanclı insanlar şirkətimiz vasitəsilə öz vəsaitlərini artıq bu alətlərə yatıra bilərlər. Hüquqi baza tam formalaşdırıldıqdan sonra yerli bazarda da bu alətləri emissiya etməklə investorların vəsaitlərini həmin bazara yönəltmək mümkün olacaq", - deyə İsi Mustafayev bildirib.
Foto - Xanlar Əlizadə