Sərvət Bayındır: İslam maliyyəsinin inkişafı üçün hüquqi baza və təhsil imkanları genişləndirilməlidir VİDEO
Bakı, 22 oktyabr, AZƏRTAC
İslam maliyyəsinin inkişafı üçün beynəlxalq standartlara uyğun qanunvericilik bazasının formalaşdırılması, maliyyə alətlərinin təkmilləşdirilməsi və bu sahədə təhsil imkanlarının genişləndirilməsi vacibdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə Respublikası Prezident Administrasiyasının İqtisadi Siyasət Şurası sədrinin müavini, İstanbul Sabahattin Zaim Universitetinin müəllimi Sərvət Bayındır 3-cü İslam Maliyyə Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, İslam maliyyəsi İslamın prinsiplərini əsas götürərək maliyyə sisteminin məzmununu, modellərini, qaydalarını və hüquqi çərçivəsini müəyyənləşdirən yanaşmadır. Hazırda bu sistemə dünyanın müxtəlif ölkələrində maraq artır, onun tətbiq dairəsi genişlənir. Dünyada İslam maliyyəsi çərçivəsində təxminən 6,5 trilyon dollarlıq kapital həcmi mövcuddur. Gələcəkdə bu göstəricinin 10–15 trilyon dollara çatacağı gözlənilir.
“Türkiyə və Azərbaycan bu sahədə baş verən qlobal inkişaf proseslərindən kənarda qalmamalı, yalnız mövcud təcrübəni tətbiq edən deyil, həm də yeni yanaşmaların, prinsiplərin və qaydaların formalaşmasına töhfə verən ölkələr olmalıdırlar”, - deyə Sərvət Bayındır qeyd edib.
O, İslam maliyyəsinin inkişafında təhsilin xüsusi əhəmiyyət daşıdığını qeyd edərək bildirib ki, dünyanın aparıcı universitetlərində bu istiqamət üzrə ixtisaslar və tədris proqramları yaradılıb. Türkiyədə də bir sıra universitetlərdə bakalavriat və magistratura səviyyələrində İslam maliyyəsi üzrə təhsil verilir.
Sərvət Bayındır Azərbaycanda da bu sahədə təhsil və maarifləndirmə təşəbbüslərinin həyata keçirilməsini müsbət qiymətləndirib. Bildirib ki, müvafiq proqramların daha sistemli, əhatəli və zəngin məzmunlu şəkildə davam etdirilməsi vacibdir.
Çıxışında beynəlxalq əməkdaşlığın əhəmiyyətinə də toxunan Sərvət Bayındır İslam maliyyəsi sahəsində ümumi standartların və hüquqi mexanizmlərin formalaşdırılmasının zəruriliyini vurğulayıb. O, İslam Maliyyə Qurumları üçün Mühasibatlıq və Audit Təşkilatının (AAOIFI) bu istiqamətdəki rolunu qeyd edib.
Onun sözlərinə görə, Türkiyə və Azərbaycanda mahiyyət və forma baxımından uzlaşan qanunvericilik bazasının yaradılması, həmçinin uyğun maliyyə alətlərinin tətbiqi sahənin inkişafına təkan verə bilər.
Sərvət Bayındır qeyd edib ki, mövcud maliyyə sistemində yeni alət və modellərə ehtiyac yaranır. İslam maliyyəsi isə həm vəsaitlərini investisiya etmək istəyən şəxslərə, həm də maliyyə resurslarına ehtiyacı olan tərəflərə alternativ imkanlar təqdim edir.
O əlavə edib ki, İslam maliyyəsinin imkanlarından səmərəli istifadə ölkələrin iqtisadi inkişafına, əhalinin rifahının yüksəldilməsinə və maliyyə resurslarının daha geniş istiqamətlərdə dəyərləndirilməsinə töhfə verə bilər.
Sərvət Bayındır forumun və gələcəkdə keçiriləcək bu kimi tədbirlərin Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığın inkişafına, eləcə də İslam maliyyəsi sahəsində bilik və təcrübə mübadiləsinin genişlənməsinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.