Mərkəzi Bank İslam maliyyəsinin inkişafı ilə bağlı qanunvericilik layihəsini hökumətə təqdim edib VİDEO
Bakı, 22 oktyabr, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankı İslam maliyyəsini maliyyə sistemindən təcrid olunmuş ayrıca bir istiqamət kimi deyil, bank sektoruna rəqib deyil, onu tamamlayan maliyyə ekosisteminin tərkib hissəsi və vacib inkişaf istiqamətlərindən biri kimi görür.
AZƏRTAC xəbər verir ki, bunu Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Mərkəzi Bank bu il İslam maliyyəsinin inkişafı ilə bağlı qanunvericiliyə dəyişikliklər layihəsi hazırlayaraq hökumətə təqdim edib. Hazırda sənəd hökumətlə razılaşdırılma mərhələsindədir: “Qanunvericilik paketi İslam maliyyəsinin üç əsas məhsul istiqamətini əhatə edir. Eyni zamanda, ənənəvi bankçılıqla rəqabətdə neytrallığın təmin edilməsi məqsədilə vergi, dövlət rüsumları və əmanətlərin sığortalanması sahələrində müvafiq dəyişikliklər həyata keçirilib”.
Şahin Mahmudzadə bildirib ki, paralel olaraq, kadr potensialının inkişafı istiqamətində beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq qurulub. Hazırda bank sektorunda mütəxəssis potensialının artırılması və əhaliyə İslam maliyyəsi üzrə təqdim olunan xidmətlərin genişləndirilməsi məqsədilə müvafiq tədbirlər görülür.
Mərkəzi Bankın baş direktoru əlavə edib ki, qanunvericilik qüvvəyə minənədək məhsulların sınaqdan keçirilməsi üçün sandbox rejimindən istifadə olunur. Bu rejim qanunvericilik bazası hələ tam formalaşmamış məhsulların sınaqdan keçirilməsinə və bazarda onlara olan tələbatın qiymətləndirilməsinə imkan verir.
Onun sözlərinə görə, hazırda iki bank müxtəlif məhsullar üzrə sınaqlar həyata keçirir və ilkin nəticələr müsbətdir. Test rejimi uğurla davam edir.
Şahin Mahmudzadə deyib ki, qanunvericilik qüvvəyə mindikdən sonra maliyyə ekosisteminin digər mühüm istiqaməti olan kapital bazarları üzrə də qanunvericiliyə dəyişikliklər paketinin hazırlanması nəzərdə tutulur. Bu çərçivədə, xüsusilə, İslam maliyyəsində istifadə olunan sukuk alətinin tətbiqi ilə bağlı dəyişikliklərin edilməsi mümkün olacaq. Növbəti mərhələdə isə İslam maliyyəsi prinsiplərinin bankların risklərin idarə edilməsi sisteminə inteqrasiyası planlaşdırılır.
Mərkəzi Bank rəsmisi hesab edir ki, qarşıdakı beş il ərzində bu sahədə verilən maliyyələşdirmələrin və cəlb olunan depozitlərin həcmində əhəmiyyətli artım müşahidə oluna bilər.