Hesablama Palatasına 1000-dən çox dövlət qurumu hesabat təqdim edib VİDEO
Bakı, 22 oktyabr, AZƏRTAC
Son 13 ildə ölkədə aparılan dövlət maliyyəsinin idarə edilməsi sahəsində islahatların əsas intellektual drayveri Hesablama Palatası olub. Büdcənin icrasına, büdcə layihəsinə, fəaliyyət hesabatına verilən rəylərdə məzmun baxımından dəyişiklikləri görmək mümkündür.
AZƏRTAC xəbər verir ki, bu sözləri Hesablama Palatasının Səmərəlilik auditi şöbəsinin müdiri Zaur Vəliyev “Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ” adlı konfransda “Dövlət maliyyəsinin məlumat idarəetməsində dayanıqlılığın təmin edilməsi” mövzusundakı panel müzakirəsində deyib.
Z.Vəliyev diqqətə çatdırıb ki, cari ilin avqust ayında Prezident tərəfindən “Dövlət auditi” informasiya sistemi haqqında Əsasnamə qəbul olunub və bu əsasnamə səmərəliliyin qarşısında yeni öhdəliklər müəyyənləşdirir. Onun sözlərinə görə, 1000-dən artıq dövlət qurumu Hesablama Palatasının elektron sisteminə inteqrasiya olunub, 5 mindən çox hesabat artıq sistemə daxil edilib.