Nazim Süleymanov: Milli komandamızdan qələbələr gözləyirik VİDEO
Bakı, 22 oktyabr, AZƏRTAC
Milli komandamızdan, əlbəttə ki, qələbələr gözləyirik. Hər bir futbolçunun dünya çempionatında iştirakı onun üçün böyük şansdır. Bu şansdan istifadə etmək, gələcəyə baxmaq və böyük futbolçu olmaq üçün indidən təkan lazımdır. İnanıram ki, gənc futbolçularımız qələbə əzmi ilə meydana çıxaraq hamımızı sevindirəcəklər. Bu, böyük sevinc və futbol bayramıdır. Futbolsevərləri bu yarışa dəvət edirəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri veteran futbolçu Nazim Süleymanov Bakının ev sahibliyi edəcəyi FIFA U-15 dünya çempionatı və festivalı barədə jurnalistlərə açıqlamasında deyib.
Gənc futbolçulardan gözləntilərdən danışan veteran hücumçu onların yalnız meydanda futbol oynamaqla kifayətlənməməli, cəmiyyətdə də şəxsiyyət kimi formalaşmalı olduqlarını bildirib: “Gənc futbolçulardan gözləntimiz böyükdür. Biz onları yetişdirməliyik. Onlar təkcə meydançada futbol oynamamalı, həm də cəmiyyətdə bir şəxsiyyət olmalıdırlar. Buna görə də onların böyük futbolçu kimi formalaşmasını və peşəkar olmasını istərdik”.
O, Hövsan Yarış Kompleksində yaradılan şəraitdən məmnunluğunu ifadə edib: “Təəssüflər olsun ki, bizim vaxtımızda belə şərait olmayıb. Amma sevinirəm ki, indiki nəsil belə imkanları görür, yaxşı məşq edir, hazırlaşır və bir azərbaycanlı futbolçu kimi bizi bütün dünyada tanıda bilir. Bu, çox sevindiricidir”.
Qeyd edək ki, Azərbaycan yığması turnir çərçivəsində ilk oyununu oktyabrın 24-də “Kristal Zal”da Timor-Leste yığmasına qarşı keçirəcək. 189 ölkənin iştirakı və minə yaxın oyunun keçirilməsi nəzərdə tutulan turnir dünyanın müxtəlif nöqtələrindən gənc futbolçuları bir araya gətirəcək.