Arif Əsədov: Dünya çempionatının ölkəmizdə keçirilməsi qürurvericidir VİDEO
Bakı, 22 oktyabr, AZƏRTAC
Belə möhtəşəm bir yarışın ölkəmizdə təşkili Azərbaycanın ardıcıl olaraq nüfuzlu beynəlxalq turnirlərə yüksək səviyyədə ev sahibliyinin növbəti sübutudur. Qısa müddətdə bu cür müasir infrastrukturun qurulub istifadəyə verilməsi böyük uğurdur. Dünya çempionatı futbolda ən ali yarışlardan biridir. Belə bir turnirin ölkəmizdə keçirilməsi, eləcə də yeniyetmə futbolçuların burada iştirakı qürurvericidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın veteran futbolçusu Arif Əsədov Bakının ev sahibliyi edəcəyi FIFA U-15 dünya çempionatı və festivalı barədə jurnalistlərə açıqlamasında deyib.
O, turnirdə Azərbaycan millisindən uğurlu nəticə gözlədiyini bildirib: “Bu uşaqların seçiminə və seleksiyasına 3 ay əvvəl texniki departament olaraq başladıq. 200-dən çox futbolçu arasından seçim etdik və hazırkı heyətə daxil olan oyunçuları müəyyənləşdirdik. Düşünürəm ki, onların arasında gələcəkdə Azərbaycan futbolunda uğur qazanacaq, milli səviyyəyə yüksələcək futbolçular var. Bu, onların ilk beynəlxalq yarışıdır. Hər birinə uğurlar arzulayırıq və yaxşı nəticə əldə edəcəyimizə inanırıq”.
Qeyd edək ki, Azərbaycan yığması turnir çərçivəsində ilk oyununu oktyabrın 24-də “Kristal Zal”da Timor-Leste yığmasına qarşı keçirəcək. 189 ölkənin iştirakı və minə yaxın oyunun keçirilməsi nəzərdə tutulan turnir dünyanın müxtəlif nöqtələrindən gənc futbolçuları bir araya gətirəcək.