44 günlük Vətən müharibəsi dünya hərb tarixinə yazıldı
Astara, 29 mart, Bağır Əliyev, AZƏRTAC
Astara Rayon Heydər Əliyev Mərkəzinin, Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının, Astara Pedaqoji Kollecinin, Astara Rayon Tarix-Diyarşünaslıq Muzeyinin və Astara şəhər 1 nömrəli tam orta məktəbinin iştirakı ilə “Qalib ordu” mövzusunda onlayn tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onlayn tədbirdə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Astara Rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun qazandığı qələbədən danışıb. Qeyd olunub ki, Azərbaycan Ordusunun peşəkarlığı, orduda yüksək nizam-intizam, müasir hərbi texnologiyalara malik olması və ondan məharətlə istifadə bacarığı döyüşlərdə öz sözünü dedi. Lakin, bu savaşda ən önəmlisi Vətən, doğma torpaqlar uğrunda vuruşan Azərbaycan hərbçilərinin yüksək mənəvi-psixoloji durumu idi. 44 günlük savaş dünya hərb tarixinə yazıldı. Təkcə Şuşanın azad edilməsi əməliyyatı kifayət edir ki, müzəffər Azərbaycan Ordusunun nələrə qadir olduğunu hər kəs görsün.
Onlayn tədbirdə Astara Pedaqoji Kollecinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə direktor müavini Arzu Hüseynova, Astara Rayon Gənclər və İdman İdarəsinin rəis müavini İqrar Cəfərov, idarənin aparıcı məsləhətçisi Rufan Şirinov, Yeni Azərbaycan Partiyası Astara rayon Təşkilatının məsləhətçisi Rübabə Bağırova, Astara Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülzar İsmayılova, Astara şəhər 1 nömrəli tam orta məktəbin direktoru Xədicə Əliyeva, şagirdlər, tələbələr, könüllü gənclər mövzu ilə bağlı çıxış ediblər. Qeyd olunub ki, qalib Azərbaycan Ordusu öz şərəfli missiyasını şərəflə yerinə yetirərək tarixi ədaləti bərpa etdi. Hazırda işğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələri uğurla davam etdirilir.
Diqqətə çatdırılıb ki, müharibə Azərbaycan və Ermənistan arasında olan fərqi bir daha dünyaya nümayiş etdirdi. Azərbaycan burada yaşayan bütün xalqların tarixinə, dininə və mədəniyyətinə hörmət edən, Ermənistan isə monoetnik dövlətdir. Tarixi faktların saxtalaşdırılması rəsmi İrəvanın dövlət siyasətidir.
Azərbaycan Prezidentinin işğaldan azad olunmuş ərazilərə hər səfəri bu ərazilərin sosial-iqtisadi bərpasını sürətləndirir və ordumuzun əzmkarlığını daha da artırır.