ELM VƏ TƏHSİL
Məktəblilər Heydər Əliyev irsini böyük maraqla öyrənirlər VİDEO
Ağsu, 10 aprel (AZƏRTAC, Adil Ağayev). Ağsu şəhərindəki Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin zəngin irsinin daha dərindən öyrənilməsi məqsədilə ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün açıq dərslər davam edir.
Bu dərslərdə “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzuları tədris edilir.
AZƏRTAC xəbər verir ki, aprelin 10-da keçirilən növbəti açıq dərsdə rayonun Abasxanlı, Ağabəyli, Cəlayir, Ərəbmehdibəy, İlxıçı, Qaraqoyunlu, Qəşəd və Pirhəsənli tam orta məktəblərinin 150 şagirdi iştirak etmişdir.
Dərslər hər birində 75 şagird olmaqla 2 qrupda keçirilmişdir. Şagirdlərin yüksək fəallığı şəraitində keçən dərslərdə müəllimlər Xəyal Əliyev və Vahid Xəlilov Ümummilli Liderin hər bir yeniyetmə üçün örnək olan həyatı, ictimai-siyasi, dövlətçilik fəaliyyəti, öz xalqı qarşısında misilsiz xidmətləri barədə ətraflı məlumat vermişlər. Xüsusilə Ulu Öndərin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişi, erməni təcavüzünün davam etdiyi şəraitdə Azərbaycanda müstəqil dövlət quruculuğu, ölkənin inkişaf yoluna çıxarılması, əsrin müqaviləsi sayılan Bakı-Tbilisi-Ceyhan boru kəmərinin istifadəyə verilməsi və s. barədə məlumatlar şagirdlər tərəfindən böyük maraqla qarşılanmışdır.
Məktəblilərə, həmçinin Ümummilli Liderin layiqli varisi Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dinamik sosial-iqtisadi inkişafı, hərbi qüdrəti barədə də ətraflı məlumat verilmişdir. Vurğulanmışdır ki, qazanılan bütün uğurlar ulu öndər Heydər Əliyev ideyalarının təntənəsidir.